Əsas Səhifə > Ölkə, Manşet > ŞİRİN CƏFƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

ŞİRİN CƏFƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ


4-03-2013, 12:31
ŞİRİN CƏFƏRİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
«GÜNDƏM XƏBƏR»İN TƏSİSÇİSİ: «BİZİ QORUYUN»

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanda daha bir qəzet rəhbəri hədəfdədir. Qeyd edək ki, baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri barəsində Cinayət Məcəlləsinin 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri olan cinayət işinin istintaqı aparılıb.

Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, istintaqla müəyyən edilib ki, qəzetin təsisçisi Şirin Cəfəri vergi ödəyicisi kimi qəzetin nəşri və satışını həyata keçirərkən vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etməli və vergi öhdəliklərini yerinə yetirməli olduğu halda, həmin tələbləri pozaraq 2009-2011-ci illər üçün sadələşdirilmiş vergi 3.316 manat olduğu halda, həmin dövr üçün vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə yalan məlumatlar daxil edərək sadələşdirilmiş vergini 82 manat, yəni 3.234 manat az göstərib. Bundan başqa 2009-cu ildə gəlir vergisi 25 min 900 manat, 2010-cu ildə isə 42 min 344 manat olmaqla, cəmi 68 min 244 manat olmasına baxmayaraq həmin illərdə gəlir vergisi ilə bağlı vergi orqanlarına bəyannamə təqdim etməmiş və beləliklə ümumilikdə 71 min 478 manat məbləğində külli miqdarda vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilib.

Bununla bağlı DİA.AZ-a açıqlama verən Şirin Cəfəri prezident İlham Əliyevə müraciətə hazırlaşdığını bildirib: «Mən ilk günündən bildirmişəm ki, Vergilər Nazirliyinin qəzetə qarşı ittihamları absurddur, sifarişlidir və reallığı əks etdirmir. Hətta mənim bu fikirlərimi elə Vergilər Nazirliyinin audit departamentinin kronometrajı da təsdiqlədi. Onlar qəzetin fəaliyyətini nəzarətə götürdülər və özləri də şahid oldular ki, hətta kronometraj vaxtı satışa çıxarılan gündəlik nüsxəsi 1300-ü keçməyən bir qəzetin 62 min 244 manat vergidən yayınması nağıldır. Və bu nağılı danışan Fazil Məmmədovun işçiləri bizim qəzetin firmasında nüsxə sayının göstərilməməsini əsas gətirərək bizə qarşı belə bir gülünc ittihamı irəli sürdülər».

Şirin Cəfəri bildirdi ki, o, indi həmin gülünc ittihamın məhkəmə tərəfindən baxışına qarşıdır: «Bununla bağlı prezident İlham Əliyevə müraciət edəcəm və müraciətimin mətnində bütün təfərrüatları dolğun şəkildə açıqlayacam. Yəni istəmirəm ki, Fazil Məmmədovun sifasi əsasında kəsdiyi ədalətsiz cərimə qərarı Azərbaycan məhkəməsində baxışa götürülsün. Və bununla bağlı prezidentdən xahiş edəcəm. Bizim yeganə inandığımız qüvvə prezidentdir və harınlamış məmurların hədəfinə gələnlərdən biri kimi əziyyət çəkdiyimizi dövlət başçısının diqqətinə çatdırmaq istəyirik».

Geri qayıt