Əsas Səhifə > Güney Press, Araşdırma > DAHA BİR İCRA BAŞÇISININ HƏYƏCANLI GÜNLƏRİ

DAHA BİR İCRA BAŞÇISININ HƏYƏCANLI GÜNLƏRİ


1-03-2013, 10:25
DAHA BİR İCRA BAŞÇISININ HƏYƏCANLI GÜNLƏRİ
NİZAMİ SADIQOV POSTUNU İTİRƏ BİLƏR

Ölkə başçısının nazirləri, icra başçılarını və dövlət vəzifələrində çalışan digər məmurları hədəfə alan məlum çıxışından sonra bir çoxları təşvişə düşüb. Şamaxı və İsmayıllı rayonlarının icra hakimlərinin vəzifədən alınması işində nöqsanlara yol verən digər məmurlar üçün də bir xəbərdarlıq oldu. Proqnozlara görə, hələ bir neçə məmur prezident seçkilərinə qədər tutduqları postlardan gedəcəklər.
Bunların arasında yüksək nüfuzlu nazirlər və icra başçılarının da olacağı ehtimal olunur. Qeyd edək ki, prezidentin barmaq silkələdiyi məmurlar sırasında məcburi köçkün rayonlarına rəhbərlik edən bəzi şəxslər də var. Bunlardan biri də bir hissəsi erməni işğalı altında olan Ağdamın icra başçısı Nizami Sadıqovdur. Oxucularımızın diqqətinə çatdıraq ki, icra hakimi 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olub. 1957-1967-ci illərdə Ağdam İnternat məktəbində təhsil alıb. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində oxuyub.
1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləyib. 1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində çalışıb. 2009-cu ilin sentyabr ayından isə Ağdama rəhbərlik edir. 4 illik fəaliyyəti ərzində adı o qədər də xoşagəlməyən işlərdə hallanan N.Sadıqov rayon sakinləri arasında müsbət imic qazana bilməyib. Mətbuatdan da izlədiyimiz kimi, Ağdamın icra başçısının özbaşınalıqları haqda dəfələrlə yazılıb. Özü də bu yazıların böyük əksəriyyəti Ağdam sakinlərinin şikayəti əsasında hazırlanıb. Araşdırmalardan belə məlum olur ki, rayon rəhbəri barədə yazılanların yetərli bir hissəsi qanunsuz pul yığımı ilə bağlıdır. Daha dəqiq desək, Ağdamda görülən abadlıq-quruculuq işləri üçün dövlət büdcəsindən vəsait ayrıldığı halda, başçı görülən işlərin pulunu sahibkarlardan, ya da idarə və müəssisə rəhbərlərindən çıxarıb. Ölkə başçısı məhz elə bu məsələ ilə bağlı fevralın 12-dəki çıxışında dedi ki, icra başçıları vətəndaşların hüquqlarını müdafiə etməli, daim onların problemləri ilə maraqlanmalı və sahibkarları incitməməlidir. Adıçəkilən rayonun rəhbəri isə belə şeylərdən çox-çox uzaqdır. Sakinlərin vətəndaş hüquqlarını pozmaq hesabına özünə xoş güzəran yaradan icra başçısı yerli camaatın qayğıları ilə maraqlanmaq belə istəmir.
"AzeriNews.org"a daxil olan məlumatlara görə, Ağdam Rayon İcra Hakimiyyətinə (RİH) dönən yoldakı qapı-pəncərə sexi, Ağcabədi yolu ilə Quzanlının girəcəyində yerləşən avtoservis, hərbi komissarlığın yanındakı kafe, Meşə Zolağındakı yeməkxana, Xaçın körpüsünün yaxınlığındakı obyekt, həmçinin rayon mərkəzindəki ticarət mərkəzləri Nizami Sadıqova məxsusdur.
Bir sözlə, dövlət tərəfindən rayonun sosial-iqtisadi inkişafı üçün ayrılan milyonlar naməlum istiqamətlərə xərclənir. Mənbələrimiz isə bildirir ki, icra başçısının qanunsuz əməlləri ilə bağlı artıq rəsmi dairələrə məlumat verilib. Son günlər rayonda gəzən söz-söhbətlərə görə, icra başçısı yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. 63 yaşlı başçının yerinə təyin olunacaq şəxsin adı da bəllidir. Mənbə vurğulayır ki, rayona ən qısa müddətdə Nazim adlı bir nəfər (soyadını dəqiqləşdirə bilmədik) icra başçısı təyin olunacaq. Hazırda bu şəxsin paytaxtda iri bizneslə məşğul olduğu deyilir.

Geri qayıt