Əsas Səhifə > Cəmiyyət > QƏRİB MƏMMƏDOVDAN ZAKİR QARALOVA ŞİKAYƏT

QƏRİB MƏMMƏDOVDAN ZAKİR QARALOVA ŞİKAYƏT


28-02-2013, 12:39
QƏRİB MƏMMƏDOVDAN ZAKİR QARALOVA ŞİKAYƏT
MƏRHUM ŞAİRİN AİLƏSİ HAQQINI ARAYIR

Mərhum şair Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva fevralın 28-də yenidən baş prokuror Zakir Qaralova şikayət ərizəsi ilə müraciət edib.

Mələk Əliyeva Zakir Qaralova ötən il dekabrın 3-də də eyni məsələ ilə əlaqədar müraciət etmişdi. Baş prokurora təkrar şikayətdə qeyd olunur ki, Ağa Laçınlının ailəsi 2012-ci il oktyabrın 9-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova rəsmi ərizə ilə müraciət edib: “Lakin ərizənin verilməsindən 141 (yüz qırx bir) sutka keçsə də, komitə ərizəyə cavab verməkdən imtina edir”.

Zakir Qaralova təkrar müraciətdə bir daha vurğulanır ki, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanununun 10-cu maddəsinin tələblərinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmayıbsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər.

Mələk Əliyeva baş prokurora təkrar müraciətində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun, həmçinin Azərbaycan Konstitusiyasının 57-ci maddəsində qoyulan tələblərin kobud şəkildə pozulduğunu bildirib.

Mərhum şairin həyat yoldaşı baş prokurordan 2012-ci il oktyabrın 9-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə etdikləri müraciətə qanunun tələblərinə uyğun cavab verilməsinə və ailənin konstitusion hüququnun təmin olunmasına dair tədbirlər görməsini xahiş edib.

Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. 2011-ci ildə sabiq icra başçısı və qardaşı Zülfüqar Məmmədov zəbt etdikləri əraziyə daş hasar çəkdiriblər.

2012-ci il sentyabrın 11-də Ağa Laçınlının ailə üzvləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət ediblər. Sentyabrın 25-də həmin müraciətə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisi Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsində təftiş aparıb və zəbt faktı təsdiqlənib.

Oktyabrın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən sentyabrın 25-də aparılan təftişlə əlaqədar Ağa Laçınlının ailəsinə cavab məktubu göndərilib. Lakin cavab məktubunda sentyabrın 25-də şairin ailəsinə məxsus torpaq sahəsində təftiş aparılması və aşkar olunmuş qanunsuz zəbt faktı gizlədilib. Buna görə də oktyabrın 9-da Ağa Laçınlının ailəsi yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət edib. Bu müraciətə isə indiyədək cavab gəlməyib.

Mərhum şairin ailəsi torpaq zəbti ilə əlaqədar məhkəmədə də iddia qaldırıb. Ötən ilin oktyabrında Səbail Rayon Məhkəməsi torpaq sahəsində ekspertiza keçirilməsi barədə qərar çıxarıb. Qərara əsasən, ekspertiza keçiriləndən sonra məhkəmə prosesi davam etdirilməlidir. Lakin indiyədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ekspertizanın baş tutmasına imkan vermir.

Geri qayıt