Əsas Səhifə > Güney Press, Araşdırma > SAATLIDA QƏBİRLƏRİ DAĞIDAN YAP-ÇI ÇIXDI

SAATLIDA QƏBİRLƏRİ DAĞIDAN YAP-ÇI ÇIXDI


26-02-2013, 12:11
SAATLIDA QƏBİRLƏRİ DAĞIDAN YAP-ÇI ÇIXDI
QƏBİRSTANLIQ ŞOUSU İFLASA UĞRAYIR

Fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kəndinin qəbiristanlığında bir çox qəbirlərin başdaşılarının sındırılması ilə bağlı istintaq davam edir. Ölkənin bəzi kütləvi informasiya vasitələrində hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Nəsimi Arif oğlu Əliyevin atasının əvvəllər AXCP üzvü olmağı barədə xəbər yayılması bu partiyaya qarşı hücumlara səbəb olub.

Azadlıq Radiosuna danışan AXCP Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli bu deyilənləri təkzib etdi:

«Arif Əliyev heç vaxt AXCP-nin üzvü olmayıb. O, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Həmin vaxt partiya üzvlərimiz onun ağır, acınacaqlı şəraitdə yaşayan ailəsinə qayğı, köməklik göstərib.

ƏSLİNDƏ YAP-IN ÜZVÜDÜR...

Qəbiristanlıqda baş verən hadisə bizi də hiddətləndirir. Amma bundan siyasi rəqiblərə qarayaxma kompaniyası kimi istifadə etmək heç bir əxlaqa sığmır. Əslində Arif Əliyev YAP-ın üzvüdür, Saatlı Rayon İcra Hakimiyyəti onu «Heydər parkı»na bağban kimi işə götürüb».

​​Ş. Hacıbəyli martın 3-də Saatlıda AXCP rayon təşkilatının geniş yığıncağını keçirmək istədiklərini, yer ayrılması üçün məlum hadisədən əvvəl RİH-ə yazılı müraciət göndərdiklərini bildirdi:

«Görünür elə buna görə «hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb» deyilir və bu tədbiri pozmaq üçün belə çirkin kompaniya aparırlar».

İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT OLMAYIB?

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxalıyev isə hadisəni törətməkdə şübhəli bilinən Nəsiminin atası Arif Əliyevin vaxtilə AXCP üzvü olmağı barədə xəbərin onlar tərəfindən yayılmadığını dedi: «Mən indi tədbirdəyəm. Onun YAP üzvü olub-olmadığını da bilmirəm. O adam parkda əvvəllər işləyib. Tədbir keçirmələri üçün yer istənilməsi ilə bağlı AXCP rayon təşkilatından İcra Hakimiyyətinə müraciət daxil olmayıb».

Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Saatlı rayonunun Musalı kəndində 81 qəbir daşının dağıdıldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyevi polis saxlayıb.

Geri qayıt