Əsas Səhifə > Cəmiyyət > “102-YƏ MÜRACİƏT EDİN!

“102-YƏ MÜRACİƏT EDİN!


26-11-2011, 12:26
“102-YƏ MÜRACİƏT EDİN!

DİN ƏHALİNİ ƏMƏKDAŞLIĞA ÇAĞIRDI

“Son illər informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə Milli Strategiya çərçivəsində Daxili İşlər Nazirliyində həyata keçirilmiş layihələrdən biri də «102» Xidməti - Zəng Mərkəzi sisteminin yaradılmasıdır.

Cinayət və hadisələrə çevik reaksiya verilməsinə, hər bir şəxsin təhlükəsizliyinin və qanuni mənafelərinin qorunmasına xidmət edən bu informasiya sisteminə respublikanın istənilən nöqtəsindən müraciət etmək imkanı var”.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, sistemin fəaliyyəti hazırlanan, törədilən və ya törədilmiş cinayətlər və digər hüquqpozmalar barədə məlumatlar üzrə ərazi polis orqanlarında görülən işlərə nazirliyin nəzarətini daha da gücləndirib. Eyni zamanda, polis əməkdaşlarının hadisə yerlərinə vaxtında çıxmalarını, operativliyini, xüsusən hüquqpozma baş verən əraziyə ən yaxın yerdə xidmət aparan polis naryadının müvafiq ünvana istiqamətləndirilməsini təmin etmiş, cinayətlərin qeydiyyatında tamlığı şərtləndirib: “Bununla belə, daxil olan məlumatlardan görünür ki, hər hansı hüquqazidd əməllə bağlı vətəndaşların bilavasitə ərazi polis qurumlarına etdikləri müraciətlərə bəzən həssaslıqla yanaşılmaması, lazımi reaksiya verilməməsi, hətta onların vaxtında qeydiyyata alınmaması kimi neqativ hallar da mövcuddur. Məlumat üçün diqqətə çatdırırıq ki, birbaşa «102» xidmətinə edilən müraciətlər qeydiyyata alınaraq avtomatik arxivləşdirilir, kompüter şəbəkəsi ilə təxirə salınmadan ərazi polis qurumuna ötürülür. Orada görülən tədbirlər, o cümlədən vətəndaşın qəbulu prosesi hər bir növbətçi hissədə quraşdırılmış videokameralar vasitəsilə izlənilir, nəticələri barədə Zəng Mərkəzi rəsmi məlumatlandırılır”.

DİN vətəndaşlardan cinayət və hadisələr barədə ilk növbədə «102» Xidmətini məlumatlandırmağı, sonra isə müvafiq ərizə ilə ərazi polis qurumuna müraciət etməyi xahiş edib: “Funksiyaları və texniki imkanlarına görə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi ilə səciyyəvi olan «102» Xidməti qarşılaşdığınız və ya şahidi olduğunuz cinayət və hadisələr barədə müraciətləriniz üzrə hər hansı neqativ halı tam istisna etmiş olacaq. Qanunçuluğun qorunması və möhkəmləndirilməsi işində bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirəcəyinizə əminlik bildirərək göstərəcəyiniz dəstəyə və köməkliyə görə hər birinizə əvvəlcədən təşəkkür edirik”.


Geri qayıt