Əsas Səhifə > Partiya, Manşet > ƏVƏZ ZEYNALLI AZADLIĞA ÇIXACAQ

ƏVƏZ ZEYNALLI AZADLIĞA ÇIXACAQ


26-11-2011, 12:17
ƏVƏZ ZEYNALLI AZADLIĞA ÇIXACAQ

«AVROVİZİYA» TƏŞKİLATÇILARI BAKIDAN İMTİNA EDƏ BİLƏRLƏR

DİA.AZ: - Son günlər müxalif və müstəqil mətbuatla ciddi problemlər yaşayan rəsmi Bakı münasibətlərin qaydaya salınmasına maraq göstərir. Bu barədə redaksiyamıza iqtidar daxilindəki məlumatlı çevrələrdən informasiya ötürülüb.

Etibarlılığına şübhə etmədiyimiz mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiklərindən belə məlum olur ki, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Krsitofer Ştrasserin Bakıya gəlişinə qədər mətbuatla bağlı problemlər də yoluna qoyulacaq.

Xatırladaq ki, Ştrasser yaxın günlərdə Bakıda olmalı idi, lakin rəsmi Bakı ona viza verməkdən imtina etdi. Bu səbəbdən AŞPA-da azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı müzakirələr də baş tutmadı. Qeyri-rəsmi məlumatlara görə, əslində Azərbaycan iqtidarı bu gedişi ilə vaxt udmağa çalışıb. Və Ştrasserin gəlişinə qədər bu məsələlər həllini tapmalıdır.

Mənbə bildirir ki, «Avroviziya-2012» beynəlxalq mahnı yarışmsına ev sahibliyi edəcək bir ölkənin siyasi məhbus problemi yaşaması heç də arzuolunan hesab olunmadığından Avropa bu məsələyə çox sərt mövqedə dayanır. Elə Azərbaycan hakimiyyəti də yanvar ayına qədər problemləri yoluna qoymaq niyyətindədir.

Onu da bildirək ki, artıq 2 aprel məhbuslarının azadlığa çıxacaqları ilə bağlı məlumatlar yayılıb. Dekabr ayının 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv fərmanının imzalanacağı gözlənilir. Lakin başqa bir versiyaya görə, 2 aprel məhbusları appellyasiya məhkəməsinin qərarı ilə də azadlığa çıxa bilərlər. Bu barədə artıq Avropa ilə Azərbaycan hakimiyyəti arasında danışıqların getdiyi və konkret razılaşmanın əldə olunduğu bildirilir. Sadəcə olaraq, məhbusların azadlığa çıxmaları üçün mexanizm dəqiqləşməyib.

Mənbəmiz bütün bunları xatırladaraq bildirir ki, deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı da yeni ili evində qeyd edəcək. Bu barədə əldə etdiyimiz bilgilər: «Hər halda, Əvəz Zeynallı da siyasi məhbusdur və «Avroviziya-2012» yarışmasına bir baş redaktorun məhbəsdə saxlanılması çox ciddi şəkildə zərər verə bilər. Hətta yarışmanın təşkilatçılarının da bu mövzuda sərt olduqları əvvəldən də məlumdur. Və məhz bu səbəbdən yarışmanın Azərbaycanda keçirilməsindən də imtina oluna bilər».

Mənbə bildirir ki, artıq bu şəkildə ismarıclar rəsmi Bakıya ünvanlanıb: «Azərbaycan hakimiyyəti həm 2 aprel məhbuslarını və həm də Əvəz Zeynallını azad etməli olacaq. Əks halda, çox çətin bir situasiya ilə üz-üzə qalacaq. Təsəvvür edin, «Avroviziya» yarışmsının təşkilatçıları müsabiqənin Bakıda keçirilməsindən rəsmən imtina edirlər. Bu halda nələr baş verə bilər? Belə situasiyada Azərbaycanın benəlxalq aləmdəki imici əəlli-başlı sarsılacaq».

Bütün bunları göz önünə gətirən Azərbaycan hakimiyyətinin artıq güzəştlərlə bağlı razılıq verdiyini bildirən qaynağımız onu da söylədi ki, 3 dekabr tarixi rəsmi Bakı üçün son şansdır: «Çünki Kristofer Ştrasserin Azərbaycana səfəri «Avroviziya»nın təşkilatçılarının da diqqət mərkəzindədir».


Geri qayıt