Əsas Səhifə > Sosial, Manşet > «AZƏRİQAZ» ŞEFİNƏ QARŞI ŞOK İDDİALAR SƏSLƏNDİ

«AZƏRİQAZ» ŞEFİNƏ QARŞI ŞOK İDDİALAR SƏSLƏNDİ


22-02-2013, 11:05
«AZƏRİQAZ» ŞEFİNƏ QARŞI ŞOK İDDİALAR SƏSLƏNDİ
ƏKBƏR HACIYEVİN DİPLOMU SAXTA İMİŞ: O, NECƏ VƏZİFƏYƏ GƏTİRİLİB?

DİA.AZ: - Bir müddət əvvəl təhsil nazirliyi saxta diplomlu məmurlara qarşı bir kampaniya aparırmış kimi davrandı. Yəni belə bir görüntü ortaya qoyuldu. Lakin hədəfə alınanlar yalnız sahibsiz orta məmurları, xırda vəzifə daşıyanlar oldu. Yəni iri ranqlıların səmtinə heç baxan da olmadı. Məsələn, həmin ərəfədə mətbuatda belə bir fakt səsləndi ki, Dövlət Gömrük Komitəsi sədrinin üç maüvininin diplomu saxtadır. Amma buna rəğmən Misir Mərdanov bədən tərbiyəsi və nəğmə müəllimlərinə başını elə qatdı ki, iri akulaları görməz oldu.

İndi isə DİA.AZ-a daha mühüm postlardan birinin diplomunun saxta olması barədə məlumat ötürülüb. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, hazırda «Azəriqaz» QSC-yə rəhbərlik edən Əkbər Hacıyevin diplomu saxtadır. Onu da bildirək ki, qaynaq redaksiyamıza bunu sübuta yetirən ilginc faktlar da təqdim edib ki, həmin materialları yaxın günlərdə geniş araşdırma yazısı ilə diqqətinizə təqdim edəcəyik. Hələliksə, ilkin bilgiləri sizinlə bölüşürük.

Mənbənin sözlərinə görə, Rövnəq Abdullayev 2005-ci ilin parlament seçkilərindən sonra hakimiyyətin yuxarı eşalonuna qədəm basma fürsəti əldə edir və nəticədə Bakı Neft Emalı Zavodunun rəhbərliyinin Dövlət Neft Şirkətinin prezidenti postuna gətirilir. Və bununla da özünün yaxın ətrafına da gün ağlamağı məqsəd edən ARDNŞ prezidenti yaxın dostlarından biri olan Əkbər Hacıyevi də özü ilə bərabər «yuxarılara» dartmaq niyyətinə düşür. Amma orta məktəb təhsilli Əkbər Hacıyevin yüksəlişində əngəl olan ali təhsil almaması faktı da bu zaman aradan qaldırılır.

Belə ki, saxta yolla «Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutu» adlı ali məktəbin diplomu ilə Əkbər Hacıyev ilk əvvəl ARNŞ-də yüksək vəzifəyə gətirilir və sonradan «Azəriqaz»a rəhbər təyin olunur. Mənbəmizin bildirdiyinə görə, Əkbər Hacıyevin güya ki 1993-cü ildə məzun olduğu «Sankt-Peterburq İnşaat Mühəndislər İnstitutu» adında ali tədris ocağı ümumiyyətlə mövcud deyil. Və ən maraqlısı odur ki, hətta belə ali məktəb mövcud olacağı təqdirdə belə, bu adda institutun Əkbər Hacı oğlu Hacıyev adlı məzununun diplomu Azərbaycan Respublikasının təhsil nazirliyində təsdiqlənməyib.

Hər halda, əlimizdə olan faktların böyük səs-küyə nədən olacağını nəzərə alaraq, geniş araşdırmalara başlamışıq və yaxın günlərdə həmin faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt