Əsas Səhifə > Cəmiyyət > MASALLIDA İCRA BAŞÇISINA QARŞI ÜSYAN DALĞASI

MASALLIDA İCRA BAŞÇISINA QARŞI ÜSYAN DALĞASI


21-02-2013, 15:46
MASALLIDA İCRA BAŞÇISINA QARŞI ÜSYAN DALĞASI
Masallı Ziyalılar Birliyinin üzvləri rayon icra başçısının əməllərindən narazılıq edirlər. RATİ-nin ofisində keçirilən mətbuat konfransında çıxış edən Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev bildirib ki, artıq icra başçısı Rafil Hüseynovun qanunsuz hərəkətləri dözülməz həddə çatıb. Onun sözlərinə görə, icra başçısı təyin olduğu 10 ay müddətində qeyri-qanuni işlərlə məşğuldur və kəndin bir sıra yerlərində şəxsi obyektlər düzəldib.

“Biz bunun qarşısını almaq üçün addım atırıq , lakin onlar bizim hüquqlarımızı tapdalayırlar. Rayonda fəal şəxsləri şərləyib həbs etməklə məşğuldurlar”, - M.Eynullayev bildirib.

Masallı Ziyalılar Birliyinin sədri icra başçısını həmçinin rayonda baş verən özbaşınalıqlarla bağlı Prezident Administrasiyasına şikayət edilməsinin qarşısını almaqda ittiham edib. Onun sözlərinə görə, bu gün rayonun giriş və çıxışı polis nəzarətinə götürülüb. Məqsəd Masallı ziyalılarının Bakıya gedişinin və şikayət etməsinin qarşısını almaqdır.

Birliyin sədr müavini Ramil İbadullayev rayonda əhalinin vəziyyətinin dözülməz olmasından və icra başçısının oğlunun rayonda 100 min manatliq maşın alaraq qəza törətdiyindən danışıb. “Yeni icra başçısı Masallıya dədəsinin əmlakı kimi baxır. Əhalinin şikayətlərinə baxılmır, vətəndaşları qəbul eləmirlər”, - o bildirib.

Sonra Masallı rayonu kəndlərinin bir sıra nümayəndələri çıxış edərək yeni icra başçısının təhsil, səhiyyə və digər sahələrdə apardığı siyasət və həmçinin rayonda baş verən korrupsiya halları, rayona ayrılan büdcə vəsaitinin abadlıq işlərinə ayrılmaması, şikayətlçiləri qəbul etməməsi və digər problemlərlə bağlı fikirlərini bölüşüblər.

Tədbirin sonunda Ziyalılar Birliyi və kəndin ağsaqqalları prezidentə, hüquq-mühafizə orqanlarına müraciət edərək Masallı icra başçısının əməlləri barədə ölçü götürülməsini, rayonda əhalinin hüquqlarının tanınmasını xahiş ediblər. Eyni zamanda ziyalılar belə davam edərsə, Masallıda aksiyaların keçiriləcəyini də istisna etməyiblər.

Geri qayıt