Əsas Səhifə > Siyasət, Manşet > İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ GÖZLƏNİLİR

İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ GÖZLƏNİLİR


21-02-2013, 10:49
İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ GÖZLƏNİLİR
RAYONLARIN KURATORLUQ SİSTEMİ YARITMAZ OLDUĞUNU GÖSTƏRDİ

DİA.AZ: - YAP iqtidarı formalaşandan ölkənin idarə edilməsin6də əgər ilk günlərdə regionçuluq faktoru populyar idisə, ayrı-ayrı bölgələrin yönləndirilməsi işində isə kuratorluq sisteminə baş vuruldu ki, günü bu gün də sözügedən sistem qüvvədədir. Əslində rayonların ayrı-ayrı oliqarx-məmurlar arasında paylaşdırılması bir baxımdan həmin bölgələrin inkişafında oliqarxların sorumlu tutulması faktoru ilə əlaqədar idisə, digər yandan da istənilən bir neqativ olayın da məsuliyyət yükünün kimə aid olmasının müəyyənləşdirilməsi baxımından önəmli idi. Amma deyəsən, artıq bu sistemə də əlvida deyilmə vaxtı yetişib.

Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, son zamanlar ayrı-ayrı bölgələrdə baş verən hadisələr, üsyan ab-havasının artması və bu məsələdə sorumluların yaxalarını kənara çəkmə cəhdində bulunmaları əslində kuratorluq sisteminin iflası kimi qəbul olunmaqdadır. Həm Quba olayları zamanı xalqdan üzr istəmək zorunda qalan nəqliyyat naziri Ziya Məmmədovun, həm də İsmayıllı hadisələrində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun güclərinin yetərsizliyi ortaya çıxdı.

Məlumatlı mənbə iddia edir ki, Azərbaycanda da Rusiyada olduğu kimi bölgələrin idarə olunması üzrə prezident nümayəndəliklərinin təsis edilməsi gözlənilir: «Ölkənin 7 nümayəndəliyə bölünərək idarə olunması planlaşdırılır və həmin prezident nümayəndələri yerli icra strukturlarının üzərində dayanan və eyni zamanda bir neçə rayona nəzarət edən funksiyanı daşıyacaq».

Bu prosesin hüquqi prezident seçkilərindən sonra tətbiq ediləcəyini bildirən mənbəmiz onu da əlavə etdi ki, bununla həm də icra hakimiyyətlərinin ləğvi də gözlənilir: «Yəni yerlərdə idarəetmə bələdiyyələrə ötürüləndən sonra yaradılacaq prezident nümayəndəlikləri ilə əslində daha güclü nəzarət mexanizmi formalaşdırılmış olacaq».

Mənbəmiz bildirir ki, artıq bununla bağlı hüquqi addımların atılması, icra hakimiyyətlərinin ləğvini nəzərdə tutan qərarların verilməsi üçün indidən tədarük görülsə də, hər şey növbəti prezident seçkilərindən sonra baş tutacaq.

Geri qayıt