Əsas Səhifə > Sosial, Manşet > GÖMRÜYÜN «ROKFELLER»İ SIRADAN ÇIXARILIR

GÖMRÜYÜN «ROKFELLER»İ SIRADAN ÇIXARILIR


20-02-2013, 11:30
GÖMRÜYÜN «ROKFELLER»İ SIRADAN ÇIXARILIR
ZAMANINDA QUBAYA BAŞÇI GETMƏK ÜÇÜN 2 MİLYON VERMƏYƏ HAZIR İDİ

DİA.AZ: - Gömrük strukturlarındakı özbaşınalıq artıq ənənəvi hal almaqdadır. Təbii ki, burada nəzarətsizlik mühitinin mühüm rol oynaması başlıca faktor kimi qəbul olunur. Və bunun da nəticəsində vətəndaşların gömrükdəki qanunsuzluqlardan şikayətləri durmadan artır.

Məsələn, keçən günlərdə məlumat verərək bildirmişdik ki, bir qrup sahibkar Astara gömrük idarəsinin «Rokfeller» ləqəbli rəhbəri Hikmət Məmmədovun qanunsuz əməllərindən giley-güzar edirlər və onlar DİA.AZ-a ünvanladıqları məktublarında prezidentdən icra hakimiyyətləri ilə yanaşı, gömrük və vergi orqanlarına da sahibkarlarla rəftarda qanunlara riayət etmələrinə nəzarətin gücləndirilməsi barədə göstərişin verilməsini xahiş etmişdilər.

Bildirək ki, Hikmət Məmmədov bu gün hətta çox ciddi, adı mətbuatdan düşməyən oliqarx-məmurlarla belə rəqabət apara biləcək həddə böyük sərvətə malikdir. Bu barədə DİA.AZ-a danışan bilgili qaynağın sözlərinə görə, keçən ilin 1 mart tarixində Qubada baş verən məlum hadisələrə qədər Hikmət Məmmədov bu rayona hətta icra başçısı getməyi də düşünürdü. Onun özünə yaxın çevrələrin birində «daha gömrükdə qalmaq çətinləşir, topladıqlarımı əlimdən ala bilərlər, ən doğrusu, 2 milyon verib Qubaya başçı getməkdir» şəklində niyyətini də açıqlaması çox böyük rezonansa nədən olmuşdu. Xatırladaq ki,bu barədə həmin ərəfədə yerli KİV-də müəyyən informasiyalar yer aldı.

Lakin sonradan Qubada məlum olaylar baş verdi ki, bunun da nəticəsində Hikmət Məmmədovun icra başçısı olmaq sevdası müvəqqəti olaraq konservləşdirilmiş duruma düşdü. Amma indii buzlar əriyə bilər. Bu barədə redaksiyamıza bilgili qaynaq xəbər ötürüb. Amma bir qədər fərqli formada. Yəni Hikmət Məmmədovun tam olaraq arzuladığı şəkildə yox…

Xatırladaq ki, Hikmət Məmmədov bu ilin yanvar ayının 31-də «dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edildi. Mənbəmiz bildirir ki, Hikmət Məmmədovun bu şəkildə təltif edilməsi təsadüfi deyil: «Bizdə bir ənənə də var. Əksər hallarda yaxasına medal asılanı yola salırlar. Və bu tendensiya Hikmət Məmmədovun məsələsində də özünü göstərəcək».

Mənbəmiz iddia edir ki, bu yaxınlarda gömrük strukturlarında ciddi kadr islahatlarının həyətə keçirilməsi gözlənilir: «Təxminən bir ay içində gömrükdə total kadr islahatları həyata keçiriləcək. Bu zaman vəzifəsindən alınanlardan biri də Hikmət Məmmədov olacaq. Onun başqa bir posta təyin ediləcəyi isə gözlənilmir».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt