Əsas Səhifə > Siyasət, Manşet > YAP RƏHBƏRLİYİ SEÇKİLƏRƏ NƏZARƏTİ ƏLƏ ALIR

YAP RƏHBƏRLİYİ SEÇKİLƏRƏ NƏZARƏTİ ƏLƏ ALIR


20-02-2013, 10:47
YAP RƏHBƏRLİYİ SEÇKİLƏRƏ NƏZARƏTİ ƏLƏ ALIR
HAKİMİYYƏTİÇİ QARA QÜVVƏLƏR HƏLƏ DƏ KÖHNƏ METODLARLA İRƏLİLƏYİR

DİA.AZ: - Son zamanlar hakimiyyət daxilindəki qara qüvvələr yenidən siyasi gündəmi müxtəlif təxribat xarakterli hadisələrlə zəbt etməyə çalışırlar ki, burada da hansı məqsədin güdüldüyü gün kimi aydındır. Bu barədə DİA.AZ-a danışan hökumət içindəki qaynağın iddialarından belə aydın olur ki, yaxın zamanlarda məhz sözügedən cinaha qarşı sərt cəza tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Əslində ənənəvi qara qüvvələrin köhnə metodlarla hərəkət etdiyini söyləyən mənbəmiz burada Rusiya dəst-xəttinin aşkar şəkildə hiss olunduğunu da bildirib: «Hələ də Azərbaycanda seçki prosesinə rusiyalı polittexnoloqların cızdığı prizmadan yanaşma müşahidə olunur ki, bu da əslində iqtidarın yeni siyasi kursu ilə daban-dabana ziddir. Amma hələ də yeni kursa uyğun prinsiplərin müəyyənləşməməsi və yaxud da kölgədə qalması ənənəvi qara qüvvələrin aktivliyinə gətirib çıxarıb. Onlar əslində özlərini bu formada vacib mövqeyə daşımaqla yanaşı, həm də ictimai-siyasi prosesləri nəzarətləri altına almağa çalışırlar. Amma artıq bu niyyətin və planların kifayət qədər ifşa olunması, bu barədə cəmiyyətin tam məlumatlılığı istənilən bir çabanın hədəfinə doğru irəliləyişini yetərsiz edir».

Bütün bunların yeni siyasi dəst-xətt tərəfdarları tərəfindən ciddi şəkildə dəyərləndirildiyini bildirən bilgili qaynaq maraqlı məlumatları da DİA.AZ-a ötürüb: «May ayına qədər bir sıra yeniliklər müşahidə olunacaq. Buna qədər seçki prosesinə Prezident Administrasiyası tərəfindən nəzarət edilirdisə, bundan imtina olunacaq və tədrici olaraq hakim partiyaya üstünlük veriləcək».

Son zamanlar Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin regionlara səfərinin də bu mahiyyətə xidmət etdiyini bildirən mənbəmiz onu da vurğuladı ki, regionlarda da YAP-ın rayon təşkilatlarına qabarıq fəaliyyətləri üçün şans tanınacaq.

Geri qayıt