Əsas Səhifə > Cəmiyyət > ELÇİBƏYİN OĞLUNA İŞ TAPACAĞINA KİM SÖZ VERDİ?
ELÇİBƏYİN OĞLUNA İŞ TAPACAĞINA KİM SÖZ VERDİ?19-02-2013, 12:48 |
FAZİL MUSTAFADAN REAKSİYA “Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev tərəfindən işə düzəlməklə bağlı mənə heç bir müraciət daxil olmayıb. Mən bunu mətbuatdan oxumuşam. Amma buna baxmayaraq, iş tapmasında ona kömək etməyə hazıram”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa söyləyib. Xatırladaq ki, mərhum prezident Əblüfəz Elçibəyin qayını Mirmöhsün Mahmudov mətbuata açıqlamasında eks-prezidentin oğlu Ərturqut Əliyevin iş tapa bilmədiyini söyləyib. O, bu məqsədlə Elçibəyin ailəsi adından iki deputata müraciət etdiklərini deyərək, ona iş tapılmasında köməklik göstərilməsi xahişilə müvafiq qurumlara da çağırış edib. Editor.az-a daxil olan məlumata görə, Ərturqut Əliyevə iş tapılması xahişilə müraciət edilən deputatlardan biri də, millət vəkili Fazil Mustafadır. Məsələyə aydınlıq gətirmək üçün Əbülfəz Elçibəyin AXCP-yə rəhbərlik etdiyi dövrdə onun siyasi əlaqələr üzrə müavini olan Fazil Mustafanın özü ilə əlaqə saxladıq. Editor.az-a açıqlamasında millət vəkili Fazil Mustafa ona belə bir müraciətin daxil olmadığını bildirdi: “Mən bu məlumatı qəzetlərdən oxudum. Şəxsən mənə Əbülfəz bəyin ailəsi və qohumları tərəfindən heç bir müraciət edilməyib. Onların hansı deputatlara müraciət etməsindən də xəbərsizəm. Amma Ərturqut bəyə bu məsələdə dəstək vermək niyyətindəyəm. Bilirsiniz ki, dövlət işinə keçmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkil etdiyi imtahanlarda iştirak etmək lazımdır. Əks halda hər hansı dövlət vəzifəsində təmsil olunmaq mümkün deyil. Ərturqut bəy dövlət qulluğuna imtahandan keçə bilsə, biz öz izgüzar nüfuzumuzdan istifadə edərək, ona iş tapmasında köməklik göstərə bilərik. O ki qaldı şirkətlərdə iş tapmasına, özəl sektor ölü vəziyyətdədir və orada deputatların sözünü eşitmirlər”. Geri qayıt |