Əsas Səhifə > Güney Press, Araşdırma > MÜƏLLİMLƏR UNİVERSİTETİNİN FİLİALLARINA BƏLA GƏLİB

MÜƏLLİMLƏR UNİVERSİTETİNİN FİLİALLARINA BƏLA GƏLİB


15-02-2013, 11:28
MÜƏLLİMLƏR UNİVERSİTETİNİN FİLİALLARINA BƏLA GƏLİB
DAHA 2 DİREKTOR ÇIXARILA BİLƏR

Azərbaycan Müəllimlər Universitetinin (AMU) rektoru Aqiyə Naxçıvanlı Təhsil Nazirliyinin “Qaynar xətti”nə ən çox şikayətlərin həmin universitetdən gəlməsi və ən çox direktorların bu ali məktəbdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Modern.az-a açıqlama verən A. Naxçıvanlı bildirib ki, rəhbəri olduğu universitetin başqalarından fərqli olaraq 11 filialı var.

“Onların hərəsindən bir və ya iki şikayət daxil olması kifayət edir ki, bütün universitetlərdən daxil olan şikayətlərdən çox olsun. Eyni zamanda “Qaynar xətt”ə daxil olan müraciətlər araşdırıldıqda məlum olub ki, onların çoxu qərəzli, subyektli və anonimdir. Yalnız bir ərizə qiymətdən narazılıqla bağlı idi. Həmin şikayətçi də qiyməti ilə bağlı münaqişə komissiyasına müraciət etməli idi, amma bilməyərəkdən nazirliyin “Qaynar xətti”nə müraciət edib. Yəni orada heç bir neqativ hal olmayıb”.

Rektor vurğulayıb ki, beş filial direktorunun işdən çıxarılması onların işdə verdikləri nöqsanlarla bağlı olub. “Həmin faktları Təhsil Nazirliyinə universitet rəhbərliyinin özü verib. Onları biz işdən azad etmişik, həmin filiallarda planlı şəkildə, ciddi yoxlama aparmışdıq. Direktorlar işlərində verdikləri çoxsaylı nöqsanlara görə işlərindən azad olunublar. Həm də bu, ardıcıl yoxlamalardan sonra olub”.

A. Naxçıvanlı sessiya nəticələrinə görə planlı keçirilən böyük Elmi Şurada filial direktorlarının, tədris işləri üzrə müdirlərinin dəvət olunduğunu, sessiya dövründə olan nöqsanların araşdırıldığını, müzakirə olunub və qərar qəbul olunduğunu vurğulayıb.

“Ayda bir dəfə universitetdə belə iclaslar keçirilir. Və sessiya dövründə artıq iki filialda da monitorinq keçirmişik. Növbədə neqativ halların qeydə alındığı daha iki filialımız var. Yəqin yay sessiyasından sonra onların da aqibəti bilinəcək. İşinin öhdəsindən gələ bilməyən insanı niyə vəzifədə saxlayaq? Etimad göstərilib, vaxt verilib, əgər o işin öhdəsindən gələ bilmirsə, çoxlu maliyyə pozuntularına yol verirsə, tədrisin təşkilini təşkil edə bilmirsə, idarəçilikdə nöqsanlar varsa, deməli, bu rəhbər yerində otura bilməz. Yay semestrinə qədər onlara vaxt verilib. Orada təkcə direktorların deyil, bir neçə struktur bölmələrinin rəhbərinin işdən çıxarılması nəzərdə tutulur”, – deyə Aqiyə Naxçıvanlı vurğulayıb.

Geri qayıt