Əsas Səhifə > Ölkə > GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİNDƏN MARAQLI AÇIQLAMA

GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİNDƏN MARAQLI AÇIQLAMA


14-02-2013, 14:50
GÜLƏR ƏHMƏDOVANIN VƏKİLİNDƏN MARAQLI AÇIQLAMA
"ÖZÜNÜ YAXŞI APARDI, DÖZƏ BİLDİ"

Səbayel Rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədovanın barəsində 3 ay həbs qətimkan tədbiri seçib. Bu barədə vəkil Eldar Qədimi Turan-ın müxbiri ilə söhbətində bildirib.

Onun sözlərinə görə, G. Əhmədovanın səhhətində narahatlıqlar olsa da məhkəmədə özünü yaxşı aparıb: “Səhhətində problemlər həmişə var. Nə etməliyik, dözməliyik. Özünü məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi”.

Vəkil deyib ki, G.Əhmədova məhkəməyə ona qarşı irəli sürülən ittihamlarla özünü günahkar saymadığını bildirib: “İstintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq getdiyindən bir söz deyə bilmərik. İstintaq hərəkətləri tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər Əhmədovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi düzgün deyil”.

Bununla yanaşı vəkil geniş müsahibə verməkdən imtina edib. Söhbət zamanı dəfələrlə müsahibə verməyəcəyini bildirib. “Mənə deyiblər ki, müsahibə vermə, mən də müsahibə vermirəm”, - o qeyd edib. Vəkillə söhbət sona çatmamış o, telefonunu qapadıb.

Xatırladaq ki, G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək fevralın 13-də məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun mətbuat xidməti məlumatına görə, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı Şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

Bununla yanaşı G.Əhmədova S. Babayevanın 26 dekabr 2012-ci il tarixə Türkiyədə Məryəm Solmaz adı ilə kimi qeyri-leqal yaşamasını təşkil edib, həmin müddətdə onun Türkiyədə yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub. G.Əhmədova bu ağır cinayəti istintaqdan gizlədib.

Geri qayıt