Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏSABİL QASIMOV HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

ƏSABİL QASIMOV HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ


25-11-2011, 10:32
ƏSABİL QASIMOV HƏBS TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ

DEPUTAT VERGİ CİNAYƏTLƏRİNDƏ İTTİHAM OLUNUR

DİA.AZ: - Son parlament seçkilərindən sonra İmişlidən deputat seçilən Əsabil Qasımovla bağlı Bakıya şikayət göndərilib. Redaksiyamıza etibarlı mənbələrdən verilən məlumata görə, Qasımovdan şikayət edən adi vətəndaşlar deyil, Gürcüstan Vergilər Nazirliyidir.

Aldığımız məlumata görə, Əsabil Qasımov Gürcüstanın Marneuli rayonu ərazisində «Karmen» şirkətinin dəyirmanını yaradıb. Dəyirman bir ildən artıq işlədiyi müddətdə heç bir sıxıntı qeydə alınmayıb. Lakin sonradan şirkətdə yoxlama aparan Gürcüstan Vergilər Nazirliyi vergidəyayınma halları aşkarlayıblar. Ardından isə qısa müddət ərzində vergidən yayınmış vəsaitin ödənilməsi üçün vaxt verilib. Lakin Əsabil Qasımovun adamları vergi və cərimənin böyük olduğunu görüb, onu ödəməkdən imtina ediblər. Bu azmış kimi, vergi müfəttişlərinə rüşvət belə təklif ediblər ki, işi ört-basdır etsinlər. Ancaq bu cəhdləri alınmayıb. Axırda da «Karmen»in onminlərlə dollar pul xərcləyib yaratdığı iri dəyirmanı ataraq, Azərbaycana qaçıblar.

Mənbənin iddiasına görə, Gürcüstan Vergilər Nazirliyi məsələni araşdıraraq, «Karmen»in rəhbərinin deputat Əsabil Qasımov olduğunu müəyyənləşdirib. Bunun ardından da rəsmi Bakıya müraciət edərək, məsələnin hüquqi yolla həll edilməsi üçün yardım istənilib. Lakin Azərbaycan Vergilər Nazirliyi Qasımovun deputat olduğunu əsas gətirərək, onun Gürcüstana verilməsinin mümkünsüz olduğunu Tiflisə çatdırıb. Vəziyyətin belə şəkil aldığını görən gürcü rəsmiləri də bəribaşdan xəbərdarlıq ediblər ki, əgər Əsabil Qasımov Gürcüstan ərazisinə daxil olarsa, onu həbs edəcəklər.

Geri qayıt