Əsas Səhifə > Siyasət, Manşet > KÜRƏYİMİZƏ SAPLANAN RUS XƏNCƏRİNİN AĞRISI

KÜRƏYİMİZƏ SAPLANAN RUS XƏNCƏRİNİN AĞRISI


14-02-2013, 10:22
KÜRƏYİMİZƏ SAPLANAN RUS XƏNCƏRİNİN AĞRISI
BU AĞRININ DAHA DA AZ OLMASI ÜÇÜN EHTİYATLILIQ SİYASƏTİ YÜRÜDÜLÜR

DİA.AZ: - Əslində hər şey prezidentin srağagünkü müşavirədə anonsunu etdiyi yeni siyasi dönəmin ilk sədalarından başladı. Diqqət yetirildisə, həmin müşavirədə dünənə qədər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrları kimi təqdim olunan icra başçıları iştirakçı çoxluğunu təşkil edirdilər. Və bütün sərt açıqlamalarının fonunda əsas olaraq bir məqamı xüsusi olaraq vurğulayan prezident İlham Əliyev «sizi mən təyin etmişəm» fikrilə yeni dönəmin mahiyyətini də ortaya qoymuş oldu. Yəni «boz kardinal»ın ortaqlığına son verildi.

Bunun ardından isə cəmiyyət tərəfindən Ramiz Mehdiyevin gücünün simvoluna çevrilmiş Gülər Əhmədovanın azadlığı məsələsi həllini tapdı. Yəni çoxdan gözlənilən qərar verildi. Mandatı, YAP üzvlüyü əlindən alınan Gülər Əhmədova həm də azadlıqdan məhrum edildi. İndi nə baş verəcək?

Təbii ki, gözləntilərin məhz Mehdiyevin istefasına qədər davam edəcək bir proseslə əlaqədar olması faktdır. Yəni buna qədər də ekspertlər rəy bildirərək vurğulayırdılar ki, hər şey Ramiz Mehdiyevini yola salınmasına hesablanıb. Ola bilsin ki, kimlərsə PA rəhbərinin qələminin bir anın içində qırılmasına da tərəfdardır. Amma bunun imkansız olmadığını vurğulayaraq, bildiririk ki, əslində atılacaq addımın daha çox fəsadlarının önlənməsi siyasəti güdülür.

Hələ lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin ilk hücumları dönəmində Rusiya - Ramiz Mehdiyevin bir nömrəli himayədarı olan rəsmi Moskva özünün Azərbaycandakı canişinini nəyi var müdafiəyə qalxdı. Hətta rusbaşlılar tərəfindən Azərbaycan aşkar surətdə hədələndi də. Ən acınacaqlı olanı isə günü bu gün də bəzi müxalifətçi dairələrin Rusiyanın oyunlarına ayaq verməsidir. Söhbət net şəkildə Rusiyanın xüsusi xidmət orqanlarının təlimatını icra edən tanınmış kinorejissor Rüstəm İbrahəimbəyovun müdafiəsindən, onun barəsində əzabkeş obrazının yaradılması cəhdlərindən gedir.

Kimdir Rüstəm İbrahəimbəyov? Bu sualın cavabı çox sadədir. Özü də etiraf edir ki, İlham Əliyev prezident seçiləndə sevinib. Bəs indi nə baş verir? Rüstəm İbrahəimbəyov malını-mülkünü itirəndə qəfildən əzilən xalqı xatırlayır, inqilabçı qiyafətə bürünür, olmayan bir cəsarət nümayiş etdirməyə başlayır və… Və ən mühüm məqamı gizlədə bilmir. «RUSİYA AZƏRBAYCANI QARIŞDIRACAQ» deyərək çörəyini yediyi, havasını udduğu ölkəsini (onun üçün vətən Rusiyadır -red.) hədələməyindən də qalmır. Və bütün bunların fonunda daha çox cılız siyasi maraqlardan çıxış edən və yaxud da hakimiyyətin bəzi dairələrinin çətiri altından boylanan bəzi müxalifətçilər Rüstəm İbrahəimbəyovun sipərinə çevrilirlər.

Maraqlıdır, Rüstəm İbrahimbəyov Kremlin açığa çıxmış agenti «Azerros»un sabiq prezidenti Söyün Sadıqovu müdafiə edir, Azərbaycan türkünü aşağılayan Əkrəm Əylisliyə haqq qazandırır və özünü millətin, dövlətin fədaisini hesab edən bəziləri hətta bu halda belə «yazıq Rüstəm» deməklərindən qalmırlar. Hər halda, burada bəlli bir kampaniyanın mövcudluğu aydındır. Sifariş belədir və hakimiyyətə qarşı olan və yaxud da hakimiyyət tərəfindən hədəfə alınan istənilən bir kəs həmin psevdomüxalifətçilər tərəfindən qucaqlanılır ki, bu da əslində onların özlərinə birbaşa olaraq zərbədir. Çünki bu gün Azərbaycan insanı kimin kim olmasının tam olaraq fərqindədir.

Gələk, Ramiz Mehdiyevin məsələsinə. Rusiyanın Azəbaycanda ikibaşlı oyun oynaması bir faktdır. Ramiz Mehdiyev və onun nimdaş komanda üzvləri təbii ki, ümumi kursa uyğun olaraq Rüstəm İbrahəimbəyova və bu kimi Rusiya yandaşlarına qarşı olurmuş kimi bir davranış tərzi ortaya qoyurlar. Yəni Kreml ikibaşlı siyasət yürüdür. Təbii ki, Ramiz Mehdiyevin Rüstəm İbrahəimbəyova qucaq açması imkansızdır. Amma onların eyni ələ, ayrı-ayrı obrazlarda oynamaları faktdır. Hər kəsin öz rolu var və tanınmış kinorejissorumuz da bu dəfə başqasının rejissorluq etdiyi bir filmdə obraz canlandırır.

Rəsmi Bakı isə bütün bunları hesablayaraq bir günün içində qələminin qırılması imkansız olan Ramiz Mehdiyevin, yəni Rusiyanın Azərbaycandakı ləpirinin çıxdaş edilməsi üçün intensiv fəaliyyətini davam etdirir. Təbii ki, Ramiz Mehdiyev gedəcək, amma bu gediş Azərbaycan üçün ağrılı olmamalıdır. Çünki artıq bu «rus xəncəri» Azərbaycanın kürəyinə saplananda yetərincə ağrı çəkmişik…

DİA.AZ - Analitik qrupu

Geri qayıt