Əsas Səhifə > Siyasət, Manşet > MASALLI HƏRBİ KOMİSSARLIĞINDA ŞOK BAZARLIQ

MASALLI HƏRBİ KOMİSSARLIĞINDA ŞOK BAZARLIQ


13-02-2013, 12:18
MASALLI HƏRBİ KOMİSSARLIĞINDA ŞOK BAZARLIQ
ARZU RƏHİMOV DEYƏSƏN, BUNU NƏZƏRƏ ALIB, TƏYİNATINI TƏSDQİLƏYİB

DİA.AZ: - Ölkədə baş verən son hadisələr Azərbaycan xalqını mənəvi sarsıdır. Belə ki, son zamanlar əsgər ölümləri günü-gündən artmaqda davam edir. Orduda xidmət edən əsgər balalarımız səbəbsiz yerə güllələnir, döyülür və başına min cür oyun gətirilir.

Hər kəs bilir ki, hərbi xidmətdə olmayanların hüquq mühafizə orqanlarında və Ədliyyə Nazirliyi sistemində işə qəbulu çox müşkül məsələdir. Bu sahələrdə işləmək istəyən gənclərdən ilk tələb olunan hərbi xidmət keçmələridir. Masallıda sağlam gənclər hərbi xidmətdən yayınıb. Özü də fırıldaq yolu ilə. Qeyd edək ki, bu barədə məlumatlar hələ öncədən də yerli mətbuatda yayılsa da, nədənsə Səfərbərlik və Hərbi Xidmət üzrə Dövlət Xidmətinin rəhbərliyi buradakı özbaşınalıqlara göz yumur. Bildirilənə görə, burada maraqlı şəxslər var.

Masallı rayon hərbi komissarlığında rüşvətxorluq izaholunmaz həddədir. Artıq hərbi komissarlıqda özbaşınalıq elə bir həddə çatıb ki, hamı günahı bir-birinin üzərinə atır.

DİA.AZ-a məlumat verən rayondakı mənbə bildirir ki, hərbi komissar rəhbərlik etdiyi qurumda əsl “bazar” siyasəti yürüdür. Mənbənin sözlərinə görə, Masallının hərbi komissarlığının işçiləri saxta hərbi biletlər satmaqla məşğul olub. Bu işdə onun müavinləri və şöbə müdirləri, xüsusən də 4-cü şöbənin rəisi daha aktiv olub. Bildirilir ki, o, rüşvət yığımına görə, rayonda adla tanınan məmurlardandır.

Bir müddət əvvəl hərbi komissarlıqda yoxlama aparılıb. Mənbə bildirir ki, hərbi komissarlıq işçiləri müəyyən bəhanələrlə özlərini günahlardan sığortalamağa çalışıb. Çünki hərbi komissarın xəbəri olmadan onun müavinlərinin hər hansı saxta xəstəlik sənədi nə sata bilər, nə də düzəltdirə bilər.

Hazırda müharibə şəraitində yaşayan bir ölkənin hərbi qurumunda rüşvət və korrupsiyanın yaşanmasının, gəncləri vətəni qorumağa yola salan komissarlıqlarda başıpozuqluğun hökm sürməsinin xoşagəlməz hal olduğu çoxlarına bəllidir.

Məlumata görə, hətta sağlam gəncləri rüşvət almaq yolu ilə ordudan yayındıran Masallı rayon komissarlığı onların yerində hərbiyə yarasız gəncləri göndərir. Onun göndərdiyi gənclərin isə bir müddət sonra xəstələnərək hərbi xidməti yarımçıq tərk etməli olurlar. Xəstələnərək orduya yarasız və ya məhdud yararlı statusu alan bu gənclər bir neçə ay müddətində ordudan tərxis olunurlar.

Yaxın günlərdə Masallı rayon Qəriblər, Şıxlar, Musaküçə, Təzəkənd və Sərçivar kəndlərdən gələn şikayət xarakterli məlumatları sizlərə çatdıracağıq.

P.S. Bütün hallarda hərbi komissar Emin Bağırovla əlaqə yaratmağa çalışdıq amma telefonlarımızı cavablandıran şəxs olmadı.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt