Əsas Səhifə > Gündəm, Manşet > KONSULUMUZ İRANLI DİNDARA NİYƏ CAVAB VERMƏYİB?

KONSULUMUZ İRANLI DİNDARA NİYƏ CAVAB VERMƏYİB?


13-02-2013, 11:51
KONSULUMUZ İRANLI DİNDARA NİYƏ CAVAB VERMƏYİB?
TƏBRİZİN İMAM CÜMƏSİNDƏN GÜNEY AZƏRBAYCAN TÜRKLƏRİ SORULMALI İDİ

DİA.AZ: - Bir neçə gün əvvəl Azərbaycanın Təbrizdəki konsulu ilə tarixi paytaxtımız olan Təbrizin fars qafalı imam cüməsi arasında görüş olub. Bildirək ki, bu görüşlə bağlı müxtəlif informasiyalar yer alıb.

DİA.AZ vurğulayır ki, həmin görüşdə Azərbaycanın konsuluna iranlı dindarın çox sərt ittihamları da çatdırılıb ki, əslində bu da rəsmi Tehranın Bakıya olan qıcığının təzahürü kimi qəbul olunmalıdır. Ən acınacaqlısı isə odur ki, konsulumuz iranlı dindarın «Azərbaycanda dindarların haqqı tapdanır, ittihamına qarşılıq verməyib və bildirməyib ki, 35 milyonluq bir Azərbaycan türkü toplumunun ən primitiv milli haqqları belə rəsmi Tehran tərəfindən tanınmayıb. Hər halda, farsların, fars qafalıların qarşısında bu kimi məsələlərin, problemlərin rəsmən qaldırılmasının zamanı çoxdan yetişib.

«AranNews» portalında yer alan həmin məlumatı diqqətinizə təqdim edirik:

«Vəliyyi-fəqihin Şərqi Azərbaycanda nümayəndəsi Ayətullah Möhsin Müctəhidi Şəbüstəri şənbə günü və İslam İnqilabının qələbəsinin ildönümü ərəfəsində Azərbaycan Respublikasının konsulu ilə görüşündə deyib: "İran və Azərbaycan xalqının dini ortaqlıqları vardır. Amma bəzi məsələlər iki ölkə münasibətlərində gərginliyin yaranmasına səbəb olur".

İmam cümənin evində baş tutan görüşdə o bəzi xırda məsələlərin iki ölkə münasibətlərinə təsir etməməli olduğunu vurğulayaraq deyib: "Hər iki ölkə xalqının müsəlman, xüsusilə də şiə olması iki ölkə münasibətlərinin daha da artırılması üçün əsas imtiyazdır. Bu böyük imkandan yararlanmaq iki ölkənin bir-birinə yaxınlaşması üçün böyük əhəmiyyət daşıyır".

"Bəzi vaxtlar irəli gələn xırda və Azərbaycan Respublikası müsəlmanlarının dini təbliğatında məhdudiyyətlərə səbəb olan məsələlərin yaranmamasına çalışmaq lazımdır" – deyə imam cümə bildirib.

O, həmçinin Azərbaycan Respublikası müsəlmanlarının dini mərasimlərinin bərpasını zəruri bildirərək deyib: "Müsəlmanların öz dini əməllərini rahatlıqla yerinə yetirməsi üçün şərait yaradılmalıdır ki, dini şüarlar bu ölkədə daha artıq müşahidə olunsun. Azərbaycan Respublikasının anti-İslam siyasətləri heç cür qəbul ediləsi deyil".

Ayətullah Şəbüstəri sonda İran İslam İnqilabının məntəqənin müsəlman xalqlarının islamçı və azadlıq sevər hərəkatlarını ruhlandırmasına işarə edərək deyib: "İran İslam Respublikası yalnız öz əzəmətli xalqına söykənməklə günbəgün inkişafın yüksək qüllələrini fəth edir. Bu, İranın həqiqi istiqlalı mənasınadır".

Azərbaycan Respublikasının Təbrizdəki konsulu da Ayətullah Şəbüstəriyə dəyərli məsləhətlərinə görə təşəkkür edib və İran İslam İnqilabının qələbəsi münasibətinə yazılan təbrik məktubunu imam cümənin nümayəndəsinə təqdim edib.

Azərbaycan Respublikasının konsulu İran-Azərbaycan münasibətlərinin genişləsi ümidində olduğunu bildirərək deyib: "Ümidvaram iki ölkə münasibətləri daha artıq genişlənəcəkdir"».

Geri qayıt