Əsas Səhifə > Partiya > DAĞIL DÜNYA, HADI RƏCƏBLİ DƏ MAAŞDAN ŞİKAYƏT EDİR

DAĞIL DÜNYA, HADI RƏCƏBLİ DƏ MAAŞDAN ŞİKAYƏT EDİR


23-11-2011, 12:37
DAĞIL DÜNYA, HADI RƏCƏBLİ DƏ MAAŞDAN ŞİKAYƏT EDİR

“ELƏ BİLİRSİNİZ DEPUTATIN MAAŞI ÇATIR?”

“Bir də görürsən qohum, tanış gəlib borc pul istəyir. Əynindəki kostyuma baxırsan, deputatın, mənim geydiyim kostyumdan bir neçə dəfə bahadır”. Noyabrın 23-də Milli Məclisin sosial siyasət komitəsinin təşkil etdiyi “Sosial qanunvericilik: reallıqlar və perspektivlər” mövzusunda dinləmələrdə komitə sədri Hadı Rəcəbli belə deyib.

“Media forum” saytının məlumatına görə, H.Rəcəbli bildirib ki, hamı maaşın, pensiyanın azlığından şikayət edir: “Kim gəlir, deyir pensiyam, maaşım yaşamağa bəs etmir, ayın sonuna çatmır. Ola bilsin ki, maaş, pensiya az olsun. Amma bir məsələni bilmək lazımdır ki, dünyada heç vaxt pul bəs etməyəcək. İnsan nə qədər varlansa da, yenə də istəyir ki, pulu bir qədər də artsın. Bu, tələbatla bağlı olan bir məsələdir.

Bir nəfər gəlib pensiyanın azlığından şikayət edir. Soruşursan neçə övladın var, cavab verir ki, altı. Onlardan da dördü ali təhsillidir, mühəndisdir, həkimdir... Deyirsən ki, övladların bir qədər kömək etsin. Cavab verir ki, aldıqları maaş özlərinə çatmır. Olmaz ki, arağı bir az az içsinlər, pudranı bir qədər az istifadə etsinlər və valideynlərinə kömək etsinlər? Elə bilirsiniz deputatın maaşı çatır? Bu ay nə qədər toya getmişik”.

Komitə sədri Azərbaycanda ehtiyacı olmayan insanların dilənçiliklə məşğul olmasından da narazılıq edib: “Azərbaycanda “dejurnu” dilənçilər var. Hansı yas yerinə gedirsən get, həmin insanları, xüsusən də qadınları orada görürsən. Hər dəfə də eyni şeyləri deyirlər - “balam xəstədir, evimdə xəstə var”. Bununla imkanlı insanlardan pul alırlar. Belə “dejurnu” dilənçilər rayonlarda da var. Amma vəziyyəti həqiqətən ağır olan insanlar var ki, abırlarına qısılıb yaşayırlar.

İnsan avaradırsa, tənbəldirsə, əlinə gələni xərcləyib dağıdırsa, ona necə kömək edəsən? Belələrinə yardım etməyə ehtiyac yoxdur. Amma əli-ayağı olmayan, həqiqətən imkanı çatmayan insanlara kömək ediməlidir”.

Son 6-7 ildə boşanmaların iki dəfə artdığını söyləyən H.Rəcəbli hesab edir ki, ailələr heç də imkansızlığa görə dağılmır: “Kasıb ailələr daha mehriban olur, kasıbçılıqda insanlar bir-birinə dayaq olurlar və ailə daha da möhkəmlənir. Boşananların əksəriyyəti imkanlı ailələrin övladları, imkanlı ailələrdir. Qız deyir mənim atam pulu belə gətirdi, oğlan deyir mənim atamın varı belə oldu, filan məsələni pulla belə həll etdik. Bu da mübahisələrə, dava-dalaşa, sonda isə boşanmaya səbəb olur”.


Geri qayıt