Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIR

RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIR


7-02-2013, 15:24
RAMİZ MEHDİYEV RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIR
PA ŞEFİ ƏKS HÜCUMA KEÇİB: VƏZİYYƏT GƏRGİNDİR

DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev əldə etdiyi vaxtdan istifadə edərək rəqiblərinin üzərinə kəskin şəkildə hücuma keçib və bu barədə əlinin altındakı qüvvələrə xüsusi tapşırıqlarını verib. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr ötürüb.

Xatırladaq ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin bir-birinin ardından ifşaedici faktları açıqlaması ilə PA şefinin mövqeləri ciddi şəkildə sarsılmışdı və hətta onun qısa müddət içində istefaya göndərilməsinə nail olunacağı da bildirilirdi. Amma hazırki situasiyada vəziyyət kifayət qədər dəyişmiş kimi görünür və Ramiz Mehdiyev nəinki nəfəsini dərməyə macal tapıb, həmçinin rəqiblərinin üzərinə də ciddi şəkildə irəliləməkdədir.

Mənbəmiz iddia edir ki, əslində bu yolla Ramiz Mehdiyev həm prosesləri istədiyi müstəviyə dartmağı düşünür, həm də öz adının gərginliyin episentrindən çıxarmağı məqsəd edib: «Bu gün PA şefinə ilk növbədə gərəkəni adının unudulmasıdır. İkinci məsələ əlavə başqatıcı nöqtələrin yaradılmasıdır. Bütün bu işlər uğurla həyata keçilib. Hətta Əkrəm Əylislinin «Daş yuxuları»na yaradılmış süni ajiotaj belə gərəkən şəkildə effektiv oldu».

Mənbəmiz qazanılan müddətdə Ramiz Mehdiyevin susmayacağını və rəqiblərinə qarşı böyük kompromat savaşına başlayacağını da bildirdi: «Artıq bunun ilkin təzahürləri var. Müdafiə Nazirliyinin rəhbərliyini «vura bilməsi» üçün yalnız Prezident Administrasiyasında və Müdafiə Nazirliyinin arxivində nüsxələri olan sənədlər mətbuata ötürülür. Bunun ardından isə Mehdiyevlə döyüşən digər cinahların da eyni qaydada hədəfə çevrilməsi planlaşdırılır».

Mənbəmiz bir diqqətçəkici məqamla bağlı da fikirlərini paylaşdı: «Təsəvvür edin, yeni mərhələdə də ümumiqtidar maraqları yox, məhz Ramiz Mehdiyevə yaxın hakimiyyətiçi qruplaşmanın maraqları ümdə tutulur. Bu isə döyüşün daha acımasız olacağından xəbər verir. Hər halda, əks tərəfin baş verənləri sükutla müşahidə edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Atəş açılırsa, bunun cavabı da veriləcək».

Mənbəmizin sözlərinə görə, daha biri neçə nüfuzlu məmurla bağlı Mehdiyevin qara piar ustaları tərəfindən mətbuata məqsədli olaraq şantaj xarakterli materialların ötürülməsi nəzərdə tutulub.

Geri qayıt