Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISINDAN SAHİBKARLARA «QİSAS GÜNÜ» VƏDİ

İCRA BAŞÇISINDAN SAHİBKARLARA «QİSAS GÜNÜ» VƏDİ


7-02-2013, 12:23
İCRA BAŞÇISINDAN SAHİBKARLARA «QİSAS GÜNÜ» VƏDİ
İSMAYIL VƏLİYEV NEFTÇALADAKI NARAZILIĞI MÜVƏQQƏTİ OLARAQ YATIRIB

DİA.AZ: - İsmayıllıda baş verən olayların ardından daha bir neçə rayonda narazı vətəndaşların etiraz səslərini ucaltma cəhdləri hiss olunsa da, sonradan yerli icra strukturları tərəfindən bütün bunların qarşısı alındı. Elə Prezident Administrasiyası tərəfindən icra başçılarına verilən xüsusi təlimatlarda da aşkar surətdə göstərilirdi ki, istənilən bir əlahiddə hadisə həmin rayonun rəhbərliyinə baha başa otura bilər. Elə buna görə də ən «qaynar nöqtələrdən» biri hesab olunan Neftçala rayonunun icra başçısı da operativ şəkildə hərəkətə keçdi.

Xatırladaq ki, yanvar ayının 28-də gecə saat 4 radələrində bu rayonun baş memarının şəxsi maşını yandırılmışdı və bu işdə narazı sahibkarların əlinin olması da yerli KİV-də yer alan xəbərlər sırasında idi. Amma maşını yanan Tahir Rüstəmov mətbuata açıqlama verərək bildirdi ki, «Toyota Prado» markalı avtomobili məhz onun səhlənkarlığı səbəbindən alovlanıb. Təbii ki, bütün bunların sadəcə olaraq bəhanə əhəmiyyətip daşıdığını hər kəs bilmiş oldu. Həm ictimaiyyət və həm də elə «yuxarıda» oturanlar.

Elə buna görə idi ki, icra başçısı İsmayıl Vəliyev hadisələrin daha da gərginləşməməsi üçün yerli sahibkarları qəbul etdi. Halbuki dünənə qədər həmin sahibkarların başçının həndəvərinə belə yaxın düşə bilmədiyi fakt idi. Elə bu barədə DİA.AZ-a da sahibkarlar adından qalaq-qalaq şikayət məktubları ünvanlanırdı və həmin məktublarda bildirilirdi ki, icxra başçısının özü ilə birgə Neftçalaya gətirdiyi və hamı tərəfindən «başçının kassiri» kimi tanınan Tahir Rüstəmov onlara əməlli-başlı divan tutur. Və bildirək ki, bütün bu faktlara dünənə qədər göz yumulurdu.

Amma üsyan ab-havası icra başçısını geri çəkilməyə vadar etdi. Bununla bağlı DİA.A-a Neftçaladan daxil olan son məlumatlardan isə aydın olur ki, hətta bu şəraitdə belə İsmayıl Vəliyev narazı sahibkarları hədələməyindən qalmır: «Bu günlərdə icra başçısının adamlarından biri narazı sahibkarların bir neçəsinə başçının adından mesaj çatdırıb. Başçının adından sahibkarlara deyilib ki, indi vəziyyət qarışıqdır və kimsə əgər bundan sui-istifadəyə qalxarsa, o zaman sonradan - QİSAS VAXTI həmin sahibkarın durumu ağır olacaq. Yəni kimsə vəziyyət pisdir - deyib, başqa tələblər irəli sürməsin».

Mənbəmiz iddia edir ki, eyni zamandan başçının adından onunla görüşə qatılan sahibkarların hər birinə deyilib ki, problemlər zaman-zaman həll olunacaq: «Lakin qarışıqlıq salmaq istəyənlər cəzalanacaq. Hətta İsmayıllıda baş verənlər də misal çəkilib. Sahibkarlara deyilib ki, orda da heç nə olmadı. Başçı yerində qaldı. Amma etiraz edənlər «gedər-gəlməzə» göndərildi».

Mənbəmizin sözlərinə görə, icra başçısının adından edilən bu hədələr Neftçalada yenidən qarışılıqlığa nədən ola bilər. Artıq sahibkarlar öz aralarında məsləhətləşirlər və vəziyyətdən çıxış yolu axtarırlar.

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt