Əsas Səhifə > Ölkə > “ƏVƏZ ZEYNALLININ HƏBSİ SİYASİ MOTİVLİDİR”

“ƏVƏZ ZEYNALLININ HƏBSİ SİYASİ MOTİVLİDİR”


22-11-2011, 13:14
“ƏVƏZ ZEYNALLININ HƏBSİ SİYASİ MOTİVLİDİR”

ABŞ-DA AZƏRBAYCAN MEDİASININ PROBLEMLƏRİ QALDIRILIB

“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, keçmiş vicdan məhbusu Eynulla Fətullayev dünən Nyu-Yorkda, Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsinin mərkəzi ofisində komitənin rəhbərliyi ilə, o cümlədən təşkilatın sədri Con Samuellə görüşüb. Görüşdə yazıçı-publisist, keçmiş vicdan məhbusu Rafiq Tağıya qarşı sui-qəsd müzakirə olunub. Eynulla Fətullayev Rafiq Tağının son məqaləsini təşkilat rəhbərinə təqdim edib.

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi yazıçıya qarşı basqıdan narahatlığını ifadə edib, eyni zamanda azad mətbuatın son durumu ilə bağlı vəziyyət təhlil olunub. Komitə mərhum həmkarımız Elmar Hüseynovun qətli ilə əlaqədar aparılan istintaqın gedişi və bu yaxınlarda həbs olunmuş “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işi ilə də maraqlanıb. Bu nüfuzlu təşkilatın gəldiyi nəticə odur ki, Əvəz Zeynallının həbsi siyasi motivlidir və hakimiyyəti tənqid edən məqalələrə görədir. Eynulla Fətullayev hesab edir ki, Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Əvəz Zeynallı üçün müdafiə kampaniyası aparacaq.

Bu gün isə Nyu-Yorkun Uoldorf-Astoriya” mehmanxanasında Mətbuat Azadlığı Mükafatının təqdimat mərasimi keçiriləcək. Tədbirdə 1200-ə yaxın şəxs, ABŞ-ın tanınmış simaları - siyasətçilər, jurnalistlər, biznes-elitanın və əyləncə sənayesinin nümayəndələri iştirak edəcək. Həmin mükafatı Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi təsis edib. Laureatlar arasında Eynulla Fətullayev də var. O, bu ali mükafata 2009-cu ilin sentyabrında, həbsdə olarkən layiq görülüb.


Geri qayıt