Əsas Səhifə > Güney Press, Araşdırma > ƏKRƏM ƏYLİSLİ NƏDƏN DAŞ-QALAQ EDİLMƏLİDİR?

ƏKRƏM ƏYLİSLİ NƏDƏN DAŞ-QALAQ EDİLMƏLİDİR?


1-02-2013, 13:09
ƏKRƏM ƏYLİSLİ NƏDƏN DAŞ-QALAQ EDİLMƏLİDİR?
QƏNİRƏ PAŞAYEVADAN AĞILLI İZAHAT

Milli Məclisin fevralın 1-də keçirilən iclasında bir sıra deputatlar yazıçı Əkrəm Əylislinin son vaxtlar ciddi müzakirələrə səbəb olan, Moskvada “Drujba narodov” jurnalında rus dilində işıq üzü görən “Daş yuxular” romanından danışıblar.

“Media forum” saytının məlumatına görə, Yeni Azərbaycan Partiyasından deputat Musa Quliyev deyib ki, Əkrəm Əylisli öz romanında Azərbaycan və Türkiyəni ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edib, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırıb.

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov da bildirib ki, Əkrəm Əylisli “Daş yuxular”da Ermənistanın Azərbaycana təcavüzünə haqq qazandırıb. Əli Əhmədovun fikrincə, Əkrəm Əylisli bu ziyanlı əsəri ilə ermənilərin Azərbaycan torpaqlarına haqsız iddialarına zəmin yaradır: “Ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu romanının Azərbaycanda dərc olunmasını qadağan etməyə əsas verir. Azərbaycan xalqını aşağılamış yazıçının xalq yazıçısı adını daşımağa haqqı yoxdur. “İstiqlal”, “Şöhrət” ordenlərini də daşımağa haqqı yoxdur”.

Ana Vətən Partiyası sədrinin birinci müavini Zahid Oruc qeyd edib ki, Əkrəm Əylislinin yazdıqları qarşıdakı yüz ildə ermənilərin əlində bayraq olacaq: “Biz Əkrəm Əylislinin çarmıxa çəkilməsini istəmirik. Amma onun xalq yazıçısı adı niyə qalırdı ki, uzun illər bundan bəhrələnib sonra da belə əsər yazaydı?!”

Zahid Oruc hansısa dairələrin Rusiyayla Azərbaycanı toqquşdurmaq istədiyini də söyləyib və bildirib ki, bu münasibətlərin pozulmasına yol vermək olmaz.

Bitərəf deputat Qənirə Paşayeva vurğulayıb ki, Əkrəm Əylislinin romanı Azərbaycan həqiqətlərinin təbliğinə böyük zərbədir və ermənilər bundan istifadə edəcəklər: “Bu, xarici siyasətimizə zərbə olacaq. Bu roman erməni yalanlarına bəraət qazandırır”.

“Media forum” saytının müxbiri xəbər verir ki, parlamentdə Əkrəm Əylisli, onun romanı ilə bağlı çıxışlar davam edir.

Geri qayıt