Əsas Səhifə > Sosial, Manşet > LERİKLİLƏR DEPUTATA QARŞI İMZA TOPLAYACAQ

LERİKLİLƏR DEPUTATA QARŞI İMZA TOPLAYACAQ


1-02-2013, 12:50
LERİKLİLƏR DEPUTATA QARŞI İMZA TOPLAYACAQ
LERİK SAKİNLƏRİ BU GÜN DƏ İQBAL MƏMMƏDOVLA GÖRÜŞƏ BİLMƏYİBLƏR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərərk bildirmişdik ki, 78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədovla bağlı redaksiyamıza şikayət edən bir qrup rayon sakini deputatlarının üzünü görə bilməmələrindən şikayət etmişdilər.

Şikayət məktubunda deyilirdi: «Bu gün Lerik tam olaraq İqbal Məmmədov tərəfindən özəlləşdirilib. Hər yerdə onun obyektləridir. Dəfələrlə rayondakı problemlərlə bağlı ona müraciət etmək istəsək də, alınmayıb. Elə barəsində ancaq qəzetlərdə oxuyur, şəkillərini qəzetlərdə görürük. Bizim üçün deputatı görmək möcüzəyə bərabərdir».

Sakinlər bildirirdi ki, deputatın rayondakı obyektləri də Lerik sakinləri üçün bir qəzəb əhəmiyyətini daşımaqdadır: «Hamı onun kimi imkanlı deyil. Amma bahalı-bahalı maşınlarda gəlib-gedən turistlər, imkanlı şəxslər hər gün gözümüzhün qabağındadır. Biz paxıl deyilik. Amma belə də olmaz. Bu qədər sərvətdən gözü doymayıbmı? Elə isə imkan verəydi, leriklilər onların haqq səsini eşidən birisini deputat seçəydilər, o da dara düşəndə camaatın yanında olaydı».

Sakinlər redaksiyamıza müraciətlərində onu da bildirmişdilər ki, əgər İqbal Məmmədovla əlaqə yarada bilsək, ona bir neçə suallarının çatdırılmasını da istəyiblər: «Sonuncu dəfə İqbal Məmmədov hansı şikayətçini qəbul edib? Sonuncu dəfə İqbal Məmmədov Lerikdə rayon sakinləri ilə nə zaman görüş keçirib? İqbal Məmmədov şəxsi biznesindən kənar, hansısa lerikliyə dəstək olubmu?»

Bu gün isə DİA.AZ-a müraciət edən leriklilər bildiriblər ki, parlamentin yaz sessiyasının öz işinə başlaması səbəbindən bu gün onlar Milli Məclisin qarşısında olublar. Sakinlər bildirirlər ki, İqbal Məmmədovla görüşmək istəsələr də, buna nail ola bilməyiblər:

«Əvvəlcə bizə Milli Məclisin binasını qoruyan mühafizəçilər maneçilik törətdilər. Sayımızın çox olduğunu bəhanə edərək bizi ərazidən uzaqlaşdırmağa çalışdılar. Və dedilər ki, əks halda polis çağıracaqlar. Biz də sıravi vətəndaşlarıq, polisin adını eşidən kimi kənarlaşdıq. Amma bir nəfərimizi qəbula göndərdik ki, deputatımızla görüşə bilsin».

Sakinlər bildirirlər ki, amma deputatla görüş alınmayıb: «Ya görüşə imkan verməyiblər, ya da ümumiyyətlə, İqbal Məmmədov parlamentə gəlməyib. Bunu dəqiq bilmirik. Bildiyimiz odur ki, İqbal Məmmədov yenə də bizimlə görüşdən qaçdı. Amma biz onu sona qədər gözləmək niyyətində deyilik. Çünki Bakıda qalmaq imkanımız yoxdur və əgər deputat rayonda sakinləri dinləmək istəməsə, o zaman cənab prezidentə müraciət edəcəyik ki, biz belə bir deputatı istəmirik».

Geri qayıt