Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR İCRA BAŞÇISI YOLA SALINIR

DAHA BİR İCRA BAŞÇISI YOLA SALINIR


22-11-2011, 10:55
DAHA BİR İCRA BAŞÇISI YOLA SALINIR

«NAR BAYRAMI»NIN MÜƏLLİFİ PREZİDENTİN QƏZƏBİNƏ TUŞ GƏLİB

DİA.AZ: - Hakim komandanın növbəti kadr islahatına gedəcəyi və bu əsnada bir neçə icra başçısı ilə yollarını ayıracağı haqda məlumatlar neçə müddətdir ki, qəzet səhifələrindən düşmür. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, gələn ilin yanvar ayının ilk ongünlüyündə həqiqətən də bir neçə rayonda rəhbər dəyişikliyi nəzərdə tutulub.

Nazirlər Kabinetindəki qaynağın redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, ilk olaraq görəvindən azad ediləcək icra başçısının adı məlum olub: «Bu, hazırda Mingəçevirin icra başçısı postunu tutan Mübariz Ağayevdir. Onun hələ bir müddət əvvəldən, prezident İlham Əliyev Mingəçevirə səfər edən ərəfədə vəzifəsindən azad ediləcəyi gözlənilsə də, bu qərarın verilməsi yubandı».

Mənbə bildirir ki, İlham Əiyev Mingəçevirdə olarkən onun yerli sakinlərlə görüşü zamanı hərəkət edəcəyi yerə sərilmiş xalı-döşəmə nəm olduğundan prezident müvazinətini itirib: «Bu hadisəni günü bu gün də Mingəçevirdə unutmayıblar. Hətta sakinlərdə belə bir rəy yarandı ki, İlham Əliyev Bakıya dönəndən sonra Mübariz Ağayevlə bağlı qərar veriləcək. Lakin, Mübariz Ağayev hələ də görəv başındadır».

Amma məsələnin unudulmadığını bildirən mənbəmiz vurğulayır ki, Mingəçevirdə rəhbər dəyişikliyinin vaxtı elə indi çatıb: «Təbii ki, köhnə olaylar da burada təsirsiz deyil».

Mənbəmiz onu da bildirdi ki, Mübariz Ağayevlə yanaşı, daha bir neçə icra başçısı da iynə üstündə oturub: «Onlarla bağlı qərarın nə zaman veriləcəyi tam dəqiq deyil. Amma yanvar ayının ilk ongünlüyündə Mübariz Ağayev Mingəçevirdən uzaqlaşdırılacaq». Onu da xatırladaq ki, Mübariz Ağayev buna qədər Göyçay rayonuna rəhbərlik edib və bu rayonda onu əsasən «Nar Bayramı» ənənəsi ilə xatırlayırlar. Zamanında Bakı meri postuna namizədlərdən biri kimi dəyərləndirilən Mübariz Ağayev bu yarışmada Eldar Əzizov və Elmar Vəliyev kimi nəhənglərə məğlub olduğundan o, Mingəçevirlə kifayətlənməli oldu.


Geri qayıt