Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İNDİKİ OLİQARXLARA GÖRK OLASI KİŞİ

İNDİKİ OLİQARXLARA GÖRK OLASI KİŞİ


25-01-2013, 10:24
İNDİKİ OLİQARXLARA GÖRK OLASI KİŞİ
BU GÜN TAĞIYEVİN DOĞUM GÜNÜDÜR

Azərbaycanın tanınmış milyonçusu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldib. Zeynalabdin 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayıb və hər ikisində qabiliyyəti ilə uğur qazanıb. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu olub. Bütün müsəlman aləmində tanınmış milyonçunu Bakıdakı müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətlərinin hamısı özlərinə fəxri sədr seçiblər.

Z.Tağıyev 1873-cü ildə iki nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürüb. Xeyli prosesdən sonra nəhayət, quyu gözlənilmədən fontan vurub. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınıb. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirib. Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. Ənzəli və Rəşt ərazisində də Hacının meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

Xəzərin sahillərində uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri isə dövlətdən icarəyə götürmüşdü.

H.Z.Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirib. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.

Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə Tağıyevin adı ilə bağlıdır.

Sovet hakimiyyətinin Azərbaycanı işğalı zamanında Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O özünün əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib. /SalamNews/

Geri qayıt