Əsas Səhifə > Siyasət, Manşet > BAŞÇI İSTEFA ƏRİZƏSİNİ YAZMAQ ZORUNDA QALDI

BAŞÇI İSTEFA ƏRİZƏSİNİ YAZMAQ ZORUNDA QALDI


24-01-2013, 10:36
BAŞÇI İSTEFA ƏRİZƏSİNİ YAZMAQ ZORUNDA QALDI
NİZAMİ ƏLƏKBƏROVUN RAYONUNDA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ

DİA.AZ: - İsmayıllıda vəziyyət gərgin olaraq qalır. Bu haqda DİA.AZ-a rayondakı mənbələr məlumat verib. Bildirilir ki, rayonda tam olaraq fövqəladə vəziyyət rejimi hökm sürür və İsmayıllıya dünən gecə saatlarında göndərilən daxili qoşunlarla bərabər, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları da ayaqdadırlar.

Bu arada DİA.AZ-a ilginc bir məlumat da ötürülüb. Bildirilənə görə, rayonda baş verən hadisələrin əsas qızışdırıcısı kimi diqqətə gələn, İsmayıllı camaatını illərdir narazı vəziyyətə çatdıran icra başçısı Nizami Ələkbərov artıq istefa ərizəsini yazıb.

Qeyd edək ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Həsən oğlu Ələkbərov 2 iyun 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1959-cu ildə Naxçıvan MR Culfa şəhər orta məktəbinin I sinfinə gedib, yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar 1969-cu ildə Mingəçevir şəhər 3 saylı orta məktəbin X sinfini bitirib.

1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1974-cü ildə həmin institutun Mühasibat uçotu ixtisası üzrə tam kursunu bitirərək mühasib-iqtisadçı ixtisasına yiyələnib. 1980-ci ildə Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olub, 1984-cü ildə həmin institutu bitirərək hüquqşünas ixtisasına yiyələnib.

Əmək fəaliyyətinə 1973-cü ildə Şəki İpək İstehsalat Birliyində mühasib kimi başlayıb. 1976-cı ilin iyun ayından 1981-ci ilin aprel ayına kimi Şəki İpək İstehsalat Birliyində baş mühasib, 1981-ci ilin aprel ayından 1983-ü ilin yanvar ayına kimi isə Şəki rayon İcraiyyə Komitəsində plan komissiyasının sədri işləyib.

1982-ci ildə rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı olub.

1983-cü ildə Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini, 1986-cı ildə Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi, 1986-cı ildə Bakı şəhəri keçmiş Oktyabr rayon xalq məhkəməsində stajçı, 1987-ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi, 1993 - 1994 “İmprotex Holdinq Qrup” şirkətinin vitse-prezidenti, 1994 - 1995 “İmair” aviaşirkətinin icraçı direktoru vəzifəsində işləyib.

1995 - 2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

16.03.2001-06.09.2006-cı illərdə isə yenidən “İmproteks” şirkətlər qrupunun vitse-prezidenti vəzifəsində işləyib.

6 sentyabr 2006-cı ildən isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.

Geri qayıt