Əsas Səhifə > Partiya > İSA QƏMBƏR LƏNKƏRANDA ARZUOLUNMAZDIR

İSA QƏMBƏR LƏNKƏRANDA ARZUOLUNMAZDIR


23-01-2013, 10:45
İSA QƏMBƏR LƏNKƏRANDA ARZUOLUNMAZDIR
LƏNKƏRAN ZİYALILARI ADINDAN MÜSAVAT BAŞQANINA AĞIR İTTİHAMLAR

DİA.AZ: - Müsavat Partiyasının başqanı İsa Qənbərin Lənkərana səfəri ilə əlaqədar Lənkəran ziyalıları adından redaksiyamıza müraciət ünvanlanıb. DİA.AZ-a göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik.

Müraciətdə deyilir: “13 yanvar 2013-cü il tarixdə Lənkərana səfəriniz zamanı baş vermiş hadisələrlə əlaqədar sizin və siyasi həmfikirlərinizin rayon sakinlərinin ünvanına söylədiyi təhqiramiz ifadələri qətiyyətlə pisləyirik və rədd edirik.

Əvvələn, lənkəranlılar bütün zamanlarda Azərbaycan dövlətçiliyinə və azərbaycançılıq ideallarına sadiqlik nümayiş etdirərək milli azadlığımıza və Vətənimizin tərəqqisinə xidmət ediblər. Lakin tarixi düşmənlərimizin və milli təəssübkeşlikdən uzaq olan insanların əlilə zaman-zaman Lənkəranda siyasi sabitliyi və ictimai asayişi pozmağa cəhdlər göstərilib və hər dəfə bu cəhdlər məhz lənkəranlıların ayıqlığı və sayıqlığı nəticəsində iflasa uğrayıb.

Unutmayın ki, bu cəhdlərin ən təhlükəlisi məhz sizin hakimiyyətdə olduğunuz dövrə təsadüf edir. Məhz sizin bacarıqsız rəhbərliyiniz hesabına 1992-1993-cü illərdə Lənkəranda milli dövlətçiyimiz üçün çox təhlükəli hadisələr baş verdi. Heç bir müqavimət göstərilmədən hakimiyyət separatçı quldur dəstəsinə təslim edildi. Nəinki Lənkəranda, bütün cənub bölgəsində siyasi sabitlik pozuldu, özbaşınalıq baş alıb getdi. Hər addımda insanlar silahlı quldurlar tərəfindən təhqir olunur, milli ayri-seçkiliyə məruz qalırdılar. Həmin hadisələr zamanı böyük əziyyətlərlə üzləşən və sizlərin başsız qoyduğunuz lənkəranlılar həm dövlətçiliyimizin, həm də milli azadlığımızın müdafiəsinə qalxıb bütün qaragüruhları Lənkərandan qovdular. İndiki hadisələr göstərir ki, sizlər hələ də bu tarixi hadisələrdən dərs almamısınız.

İddia edirsiniz ki, sizi Lənkəran ziyalıları görüşə dəvət edir. Biz inanmırıq hansısa Lənkəranlı ziyalı sizi görüşə dəvət etsin. Əgər beləsi olsa belə, o ziyalı yox, qara niyyətli qüvvələrə xidmət edən ziyanlı insan ola bilər. Belə adamlara isə aramızda yer yoxdur. Bəlkə fikirləşirsiniz vaxt, zaman keçib hər şey unudulub. Səhv edirsiniz. Heç kim və heç nə unudulmur. Bu gün “qara bina”nın adamları adlandırdığınız mərd, mübariz qadınların, gənclərin ataları, qardaşları, doğmaları sizin siyasi həmfikirlərinizin düşmənə təslim etdiyi Lənkəranı yenidən Azərbaycanın alınmaz qalasına çevirib burada sabitlik, əminamanlıq və milli həmrəylik şəraiti qurublar. Onlar bir daha Lənkəranda sabitliyin pozulmasına imkan verməyəcəklər. Təəssüflər olsun ki, nə siz, nə də sizin siyasi həmfikirləriniz bu məlum həqiqəti dərk etmək istəmirsiniz. Siz və sizi Lənkərana dəvət edən qüvvələr düşünmürsünüz ki, Lənkəranda sizləri görmək belə istəmirlər. Siz hansı üzlə narkoman, hanbal, pozğun, ləyaqətsiz adlandırdığınız insanlarla görüşmək istəyirsiniz. Ümumiyyətlə siz hansı sosial bazaya arxalanıb yenidən Lənlərana gəlirsiniz. Doğurdanmı əhalinin sizə göstərdiyi münasibət sizə dərs olmamışdır.

Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq. Onsuz da xalqın inam və etimadını tamamilə itirmisiniz. Ən dəhşətlisi isə ləyaqəti itirmək olacaq. Sizin növbəti dəfə Lənkərana gəlmək cəhdiniz şəxsi ləyaqətinizin itirilməsinə səbəb olacaq. Çünki, yığıncaqlarınızda, mətbuat, internet səhifələrində ağız dolusu təhqir etdiyiniz lənkəranlılar bir daha sizin ləyaqətinizə layiq olan qiyməti verəcəklər”.

İSA QƏMBƏR LƏNKƏRANDA ARZUOLUNMAZDIR
Geri qayıt