Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİ YASAMAL QƏBİRSTANLIĞINI SATIN ALIR

FHN ŞEFİ YASAMAL QƏBİRSTANLIĞINI SATIN ALIR


23-01-2013, 10:25
FHN ŞEFİ YASAMAL QƏBİRSTANLIĞINI SATIN ALIR
QƏBİRSTANLIĞIN YERİNDƏ BÖYÜK OTEL KOMPLEKSİ İNŞA OLUNACAQ

DİA.AZ: - Bakının mərkəzində böyük bir ərazini zəbt edən məşhur Yasamal qəbirstanlığının köçürülməsi dəfələrlə hökumətin gündəminə daxil edilsə də, buna konkret qərar verilməyib. Hətta son illərdə qəbirstanlığın hasarları yeni üslubda örtüklərlə pərçimlənib ki, bu da yerli sakinlərdə qəbirstanlığın plana salınmayacağı qənaətini yaradıb.

Amma məsələ heç də göründüyü kimi deyil. Ən azından nəzərə almalı idik ki, bu ölkədə hətta yenicə tikilmiş göydələnlər də plana salınır. Odur ki, hansısa hasar yenilənməsi Yasamal qəbirstanlığının əbədiyyətə qovuşması anlamına gələ bilməzdi.

Mötəbər mənbələrdən DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, qəbirstanlığın ərazisi uğrunda bir neçə nüfuzlu məmur bu gün mübarizə aparmaqdadır. Məhz bu səbəbdən qəbirstanlığın taleyi şübhəli olaraq qalır. Mənbəmiz iddia edir ki, amma son zamanlar iqtidar daxilində baş verən balans dəyişikliyi Yasamal qəbirstanlığının taleyinə də aydınlıq gətirib.

Mənbənin söylədikləri: «Qəbirstanlığın yenidən köçürülməsi ilə bağlı təkliflər verilib. Ən maraqlısı isə odur ki, əraziyə iddialılar sırasında ilk yerdə dayananı bu günkü tarix üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus «Gilan» Holdinqdir».

Məlumatlara görə, qəbirstanlığın ölü sahiblərinin razılığı və iştirakı əsasında şəhər kənarına köçürülməsi təklifi ilə çıxış edən FHN şefinin adamları həmin ərazidə böyük otel kompleksi və əyləncə mərkəzləri, həmçinin böyük bir parkı salmaq niyyətindədir: «Artıq belə bir layihə verilib və layihənin «yuxarılar» tərəfindən tam olaraq onaylanacağı təqdirdə, Kəmaləddin Heydərovun şirkəti hərəkətə keçəcək».

Bunun isə prezident seçkilərindən sonraya təsadüf edəcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, sözügedən qəbisrtanlıqda yaxınları uyuyan vətəndaşlara isə narazı qalmamaları üçün müəyyən miqdarda kompensasiyanın verilməsi də təkliflər arasındadır.

Geri qayıt