Əsas Səhifə > Sosial, Manşet > VİTSE-ADMİRALIN "QURUTDUĞU AĞAC" HƏLƏ DƏ BAR VERMİR

VİTSE-ADMİRALIN "QURUTDUĞU AĞAC" HƏLƏ DƏ BAR VERMİR


22-01-2013, 09:26
VİTSE-ADMİRALIN "QURUTDUĞU AĞAC" HƏLƏ DƏ BAR VERMİR
İNDİ DƏ SÜNİ ŞƏKİLDƏ BƏXTİYAR MƏMMƏDOVUN MƏHKƏMƏSİ GECİKDİRİLİR

DİA.AZ: - Hərbi-Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayət ərizəsi əsasında həbs edilən “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun məhkəmə prosesi süni şəkildə uzadılır. Bu barədə DİA.AZ-a B.Məmmədovun yaxınlarının göndərdiyi müraciətdə deyilir.

Müraciətdə bildirilir ki, 29 noyabr 2012-ci il tarixindən B.Məmmədovun məhkəmə prosesi qeyri-müəyyən müddətədək təxirə salınıb: "Sonuncu proses zamanı hakim dövlət ittihamçısının verdiyi vəsatətə əsasən Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndəriləcəyinin bildirmişdi. Hakim qeyd etmişdi ki, DİN-dən cavab gələndən sonra növbəti məhkəmə prosesinin vaxtı təyin ediləcək.

Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər.

Qanunun tələbindən göründüyü kimi 1 ay müddəti 29 dekabr tarixində bitmişdir. Xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək üçün qanunvericiliyin icazə verdiyi o biri müddət də bitmək üzrədir. Lakin məhkəmə prosesindən hələ də heç bir xəbər yoxdur", - deyərək B.Məmmədovun yaxınları etiraz edir.

B.Məmmədovun yaxınları qeyd edirlər ki, vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsi ilə məşğul olan iqtisadçı Zöhrab İsmayıl, Sülh və Demokratiya İnstitunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus və bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, B.Məmmədov qondarma ittihamla həbs olunub: "Hüquq müdafiəçiləri bu məsələdə korrupsiya faktının olduğunu deyərək onun həbsinin səbəbini bütün bunlarla bağlı olduğunu bildirirlər. Bəxtiyar Məmmədovun məhkəmə prosesi beynəlxalq insan haqqları təşkilatlarının da ciddi nəzarətindədir. Avropa Şurasının Azərbaycan nümayəndəliyi, ATƏT-in Bakı ofisi, Amnesty İnternational, Freedom House və s. kimi nüfuzlu beynəlxalq təşkilatlar məsələyə dair ətraflı şəkildə məlumatlandırılıblar və onların nümayəndələri bu məsəsləni yaxından izləyərək prosesin nə ilə nəticələnəcəyini gözləyirlər. “Frontline” hüquq müdafiəçilərinin beynəlxalq müdafiə mərkəzi artıq iki dəfə bəyanat yayaraq qanunsuz şəkildə həbsdə saxlanılan hüquq müdafiəçisinin dərhal azadlığa buraxılması ilə bağlı hökumətə çağırışlar etmişdir.

Həmçinin, keçən ilin noyabrında ölkəmizin bir qrup hüquq müdafiəçisi Avropa Şurasının Bakı ofisində Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşərək həmməruzəçilərə həbsdə olan bir sıra siyasi və vicdan məhbusu statusunu almış hüquq müdafiəçiləri ilə birgə B.Məmmədovun da işi ilə bağlı məlumat vermişdilər. Həmin görüşdən bir neçə gün sonra AŞPA-nın həmməruzəçilərinin Azərbaycanda insan haqqlarının durumu ilə bağlı hesabati açıqlanmışdı. Həmməruzəçilərin Azərbaycan hökumətinə çağırışları arasında cinayət ittihamı ilə saxlanan hüquq müdafiəçiləri, siyasi fəallar və jurnalistlərin işlərinə yenidən baxılması da olmuşdu.

Bu nöqteyi nəzərdən yanvar ayının 23-də AŞPA-nın növbəti plenar iclasında Azərbaycan üzrə həmməruzəçi Kristofer Ştrasserin təşəbbüsü ilə xüsusi qətnamənin müzakirəyə çıxarılacağı da maraqla gözlənilir. Həmməruzəçi qətnamədə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bildirməklə qondarma ittihamla həbs olunmuş hüquq müdafiəçilərinin dərhal azad olunmasına çağırır".

Qeyd edək ki, Ştrasserin siyahısında Bəxtiyar Məmmədovun da adı var.

Xatırladaq ki, B.Məmmədov 2011-ci ilin dekabr ayının 30-da həbs edilib. Hüquq müdafiəçisinə qarşı cinayət işi Şahin Sultanovun şikayətinə əsasən qaldırılıb. Onun şikayətinə əsasən B.Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayel polisinə çağırılan B.Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

O vaxt Şahin Sultanov Dövlət Bayraq Meydanının ərazisinin genişləndirilməsindən sui-istifadə edərək 29 hərbçi ailəsinin evlərini qanunsuz olaraq əllərindən aldığı və bunun müqabilində isə onlara naməlum mənbədən 10 min manat kompensasiya ödədiyi bildirilirdi. B.Məmmədov həbsindən əvvəl mətbuata açıqlamasında Ş.Sultanovun qanunsuz əməlləri barədə Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Səbayel Rayon Prokurorluğuna çoxsaylı şikayətlər etdiyini bildirmişdi. Onun şikayətləri isə baxılmamış qalmışdı.

Geri qayıt