Əsas Səhifə > Cəmiyyət > “POLİS QADINLARI İTƏLƏYİB AZ QALA SU KANALINA SALIRDI”

“POLİS QADINLARI İTƏLƏYİB AZ QALA SU KANALINA SALIRDI”


18-11-2011, 16:12
“POLİS QADINLARI İTƏLƏYİB AZ QALA SU KANALINA SALIRDI”

“VARSA, SƏN BİRİNCİ QAZI MƏNƏ VER, SONRA BAŞQALARINA SAT DA”

Noyabrın 18-də Salyan rayonunun Qarabağlı kənd sakinləri bir ildir kəndə qaz verilməməsinə etiraz olaraq Salyan-Şirvan yolunu bağlayıblar.

Polis yolu açmaq üçün kənd sakinlərinə zor tətbiq edib.

Kənd sakini Söhbət Kərimov: «Polis qadınları itələyib az qala su kanalına salırdı. Camaatı döyüb dağıtdılar. Heç söz verən də olmadı ki, yolu açın, kəndə qaz veriləcək. Qaz heç yoxdursa, biz buna anlayışla yanaşarıq. Televizor səhərdən axşamacan bağırır ki, Azərbaycan filan-filan ölkələrə qaz verir. Varsa, sən birinci qazı mənə ver, sonra başqalarına sat da».

Sakinlər deyirlər ki, kəndin ərazisində neft yatağı var. Son vaxtlaradək yerli əhalinin qaz ehtiyacları hasilat quyularından verilən səmt qazı hesabına ödənilirdi. Bir ilə yaxındır əhaliyə qaz verilməsi dayandırılıb. Halbuki, kənddə yaşayan vəzifəli və imkanlı adamların evlərinə, sahibkarların obyektlərinə ordan yenə də qaz ötürülür.

Salyan rayon Polis İdarəsi rəisinin müavini Knyaz Həsənov isə AzadlıqRadiosuna deyib ki, kənd sakinlərinə qarşı heç bir zorakılıq olmayıb. Sadəcə, polis onlara başa salıb ki, qaz probleminin həlli üçün yolu kəsmək düz deyil. Rəis müavini özünün də evində qaz olmadığını deyib.

«Azəriqaz»ın yerli şöbəsindən isə kəndə səmt qazı verilməsinin dayandırılmasını təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər. «Azəriqaz» Qarabağlı kəndinin qazla təchizatı üçün magistral xətdən 27 km uzunluğunda ayrıca boru kəməri çəkildiyini bildirir.


Geri qayıt