Əsas Səhifə > Güney Press, Araşdırma > MİSİR MƏRDANOVUN YERİNƏ KİMİ GƏTİRİRLƏR?

MİSİR MƏRDANOVUN YERİNƏ KİMİ GƏTİRİRLƏR?


18-01-2013, 09:50
MİSİR MƏRDANOVUN YERİNƏ KİMİ GƏTİRİRLƏR?
GƏNC KADRIN ADI YENİDƏN GÜNDƏMDƏ

Son günlər Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla bağlı xəbərlər intensivləşib. Bu xəbərlərdə keçmiş nazir müavininin görüşlərindən, qəbullarından danışılır. Hansı ki, biz bunu başqa ali məktəb rektorları ilə bağlı ya az müşahidə edir, ya da ümumiyyətlə, müşahidə etmirik.

Dünən də istisna olmadı - bir xəbərdə bildirilirdi ki, İtaliyanın Azərbaycandakı səfiri Mario Ciorcio Stefano Baldi Bakı Ali Neft Məktəbində olub. Görüşün sonunda isə Mario Ciorcio Stefano Baldiyə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu verilib.
Biz Elmar Qasımovun rəsmi görüş və qəbullarında müzakirə olunan əməkdaşlıq məsələlərinin mahiyyətini bir kənara qoyuruq. İstər-istəməz sual yaranır: Bakı Ali Neft Məktəbinin personasının son vaxtlar bu qədər önə çıxmasının səbəbi nədir? Nazir müavinliyindən uzaqlaşdırıldıqdan bir müddət sonra görünməz olan və sonradan hansısa "gizli əl"in vasitəsi ilə yenidən ön plana çıxmağa başlayan Elmar Qasımovun qarşısında üfüqlər yenidənmi açılır? Əlbəttə, çoxdan arzusunda olduğu təhsil naziri postu ilə bağlı!
Qeyd edək ki, Qasımov hazırda iqtidarın ən perspektivli yeni nəsil kadrlarından sayılır, onun cəmi 40 yaşı var. Bununla belə, karyerasında sıçrayışlar çox sürətlə yaşanır: 1995-1999-cu ildə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olub. Təhsil nazirinin müavini təyin edilərkən isə cəmi 26 yaşı vardı. 2008-ci ildə Azərbaycan Repspublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalına layiq görülüb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvlüyünə qədər irəliləyib.
Nazir müavinliyindən uzaqlaşdırılması isə xeyli gözlənilməz olub: hər kəs Misir Mərdanovun postundan alınacağını proqnozlaşdırdığı bir vaxtda 2011-ci ildə Elmar Qasımov daha iki müavinlə birlikdə görəvdən alınıb. Bunu isə bir çoxları təhsil nazirinin oyunu hesab edir - onun postuna ən real namizəd sayılan müavinindən xilas olmaq, onu "ofsayd"a salmaq üçün oyun!
Elmar Qasımova əvvəlcə TQDK sədri, Mərdanovun "düşmən"lərinin başında gələn Məleykə Abbaszadə sahibləndi. Ardınca Elmar Qasımovu ARDNŞ prezidenti Rövnəq Abdullayev öz yanına apardı, vitse-prezident görəvinə təyin etdi. Çox keçmədən isə məhz "baş neftçi"nin sayəsində ölkədə Dövlət Neft Akademiyası mövcud olduğu halda sabiq nazir müavini üçün yeni "neft universiteti" - Bakı Ali Neft Məktəbi yaradıldı.
ARDNŞ-ə yaxın mənbələrdən sızan bilgilərə görə, Elmar Qasımovla bağlı başda Rövnəq Abdullayev olmaqla iqtidar içindəki anti-Mərdanovçuların planı bitmək bilmir. Artıq sabiq nazir müavininin təhsil naziri postuna yolunun önü yenidən açılır. Elə son vaxtlar Qasımovla bağlı informasiya canlanması da buradan qaynaqlanır. Bakı Ali Neft Məktəbinin rektoru yalnız ARDNŞ prezidentinin deyil, TQDK sədri Məleykə Abbaszadə, bəzi millət vəkilləri, universitet rektorları və s.-in də dəstəyinə malikdir və onun təhsil naziri təyin edilməsinə kifayət qədər real yanaşılır, yüksək ehtimal verilir.
Bir sözlə, Elmar Qasımovu nazir müavinliyindən uzaqlaşdırmaqla ondan gələ biləcək təhlükəni dəf edəcəyini düşünən Misir Mərdanov yanılıb. Mərdanovun postuna Elmar Qasımov təhlükəsi qalır, hətta əvvəlkindən daha real təhlükə olaraq qalır.
Təhsil naziri onu özündən kənarlaşdırmaqla ciddi səhvə yol verdi - əvvəllər gözü qabağında olan müavinini kontrol altında saxlayan Mərdanov onu "ofsayd"a salmaq əvəzinə iqtidardakı rəqiblərinin əhatəsinə buraxdı. Onlar isə bunu yəqin ki, mütləq dəyərləndirəcəklər - keçmiş müavinini nazir postuna gətirmək planını işə salmaqla!
Gələn xəbərlər artıq həmin planın işə düşdüyü yönündədir, daha detallı bilgilər isə yəqin ki, çox keçmədən KİV-ə sızmağa başlayacaqdır. Gözləyək.

Geri qayıt