Əsas Səhifə > Güney Press, Araşdırma > İLHAM RƏHİMOVUN BİR HƏFTƏLİK VƏZİFƏ ZÖVQÜ

İLHAM RƏHİMOVUN BİR HƏFTƏLİK VƏZİFƏ ZÖVQÜ


18-01-2013, 09:45
İLHAM RƏHİMOVUN BİR HƏFTƏLİK VƏZİFƏ ZÖVQÜ
"KƏPƏNƏK ÖMRÜ"NÜN ŞOK PƏRDƏARXASI

Xəbər verdiyimiz kimi, Azərbaycan Moskvada çıxan “Azərbaycan diasporu” qəzetinin baş redaktorunu beynəlxalq axtarışa verib. Lent.az-ın məlumatına görə, qəzetin baş redaktoru olan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Ramazan oğlu Cinayət Məcəlləsinin adam oğurluğu və sağlamlığa zərər vurma maddələri ilə şübhəli bilinir və İnterpol xətti ilə barəsində axtarış elan edilib.
Məlumatda həmçinin bildirilir ki, R.Hüseynovla yanaşı qardaşı Oqtay Hüseynovun da adı bəzi cinayətlərdə hallanır.

Bu gün yayılan bu xəbərlə bağlı maraqlı bir məqam diqqətimizi çəkib. Məsələ ondadır ki, adıçəkilən Oqtay Hüseynov (Axtarışa verilən şəxsin qardaşı) bu günlərdə Azərbaycan mətbuatında iş adamı, Rusiya prezidenti Putinin dostu İlham Rəhimov haqda irihəcimli məqalə dərc etdirmiş, həmin məqalədə ifrata vararaq Rəhimovu Heydər Əliyevlə müqayisə etmişdi. Özünü Moskva «Azərbaycan» Cəmiyyətinin sədri, DAK İcraiyyə Komitəsinin həmsədri, Rusiya Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsinin dosenti kimi təqdim edən Oqtay Hüseynov, bir qədər də irəli gedərək, prezident İlham Əliyevə Ayaz Mütəllibovun aqibətini xatırlatmış, dolayısilə Azərbaycan prezidentini təhdidi edərək, İlham Rəhimova yüksək vəzifə verilməsinin lazım olduğunu bildirmişdi.

Görünür, onun bu məsuliyyətsiz çıxışı Azərbaycan hakimiyyətini qəzəbləndirib ki, özü və qardaşı ilə bağlı köhnə cinayət işi yenidən aktuallaşdırılıb.

Bunun yazdığı məqalə ilə bağlı olduğunu Oqtay Hüseynov özü də təsdiq edib. «Yenises.ru» saytına açıqlama verən O.Hüseynov üstündən 3-4 il keçmiş cinayət hadisəsinin yenidən gündəmə gətirilməsinin mətbuatda gedən son yazısıyla bağlı olduğunu qeyd edib.

“Mən mətbuatda gedən son yazılarıma görə mənə qarşı hücumlar olacağını, doğrusu gözləmirdim», deyə o bildirib.

Haqqında danışılan cinayət işinə gəlincə, Oktay Hüseynov deyib ki, əslində qardaşı bu işdə zərəçəkəndir.

Müşahidələrimiz isə belə deməyə əsas verir ki, Azərbaycan hakimiyyətinin qəzəbinə gələn təkcə Oqtay Hüseynov deyil. Onun məsuliyyətsiz fikirlərin yer aldığı məqaləsinə görə, İlham Rəhimovun özü də qəzəbə gəlib. Belə ki, bu məqalə mətbuatda dərc olunandan və «Azpolitika.info» İlham Rəhimovun özünü Heydər Əliyevlə müqayisə etdirməsinə diqqəti çəkəndən sonra, hüquq professoru cəmi bir həftə əvvəl təyin olunduğu vəzifədən istefaya göndərildi. Məlum oldu ki, sən demə Oqtay Hüseynovun təhdid diliylə İlham Rəhimova vəzifə istəyinin yer aldığı məqalə mətbuatda dərc olunandan cəmi bir gün əvvəl - yanvarın 7-də o, Ali Attestasiya Komissiyasının (AAK) sədri Arif Mehdiyevin imzaladığı əmrlə AAK-ın Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunubmuş.

Lakin yanvarın 16-da, yenə də elə Arif Mehdiyevin imzaladığı əmrlə İlham Rəhimov bu vəzifədən azad olunub.

Hüquq professorunun vəzifəyə təyin olunması və bir həftə sonra müəmmalı şəkildə işdən azad olunması ilə bağlı rəsmi izahat, hələ ki, verilməyib.

Lakin «Azpolitika.info» dəqiqləşdirib ki, İlham Rəhimovun vəzifədən azad olunması birbaşa Oqtay Hüseynovun məqaləsi ilə bağlı olub. Hansı ki, bir daha qeyd edirik ki, orda İlham Rəhimov Heydər Əliyevlə müqayisə olunurdu və prezidentə qarşı təhdid kimi qiymətləndirilən fikirlər var idi.

Bu gün Hüseynov qardaşları ilə bağlı cinayət işinin yenidən gündəmə gətirilməsi də bunun sübutudur.

Bizə verilən məlumata görə, araşdırmalar zamanı «Azpolitika.info»nun İlham Rəhimovun bu məqalənin dərcindən əvvəl onunla tanış olduğu haqda məlumatı da öz təsdiqini tapıb. Ona görə də, ordakı fikirlər elə İ.Rəhimovun mövqeyi kimi qiymətləndirilib.

Geri qayıt