Əsas Səhifə > Gündəm, Manşet > TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞLARA NECƏ “TORBA TİKİR”?

TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞLARA NECƏ “TORBA TİKİR”?


18-01-2013, 08:35
TİKİNTİ ŞİRKƏTİ VƏTƏNDAŞLARA NECƏ “TORBA TİKİR”?
DİQQƏT: “SƏADƏT” MTK-NIN QURBANLARINA DÖVLƏT SAHİB ÇIXMALIDIR

DİA.AZ: - Bakıda tikinti şirkətlərinin şəxsi mənzil sahiblərinə təzyiqləri davam edir. Bu barədə DİA.AZ-a paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi 74 ünvanında yaşayan Mahmudova Yelizaveta Rəvaz qızı müraciət edib. Xanım Bakı sakini tikinti şirkəti tərəfindən sıxışdırıldığını və evinin əlindən alınma təhlükəsi qarşısında qaldığını iddia edir. Onun sözlərinə görə, yaşadığı qanuni mənzilindən “Səadət MTK” tikinti şirkəti və Yasamal rayon Prokurorluğunun işçiləri tərəfindən çıxarılmaq təhlükəsilə üzləşib. Artıq 12 nəfərlik ailə 2008-ci ildən bu günə qədər mənzildə qorxu içində yaşayırlar.

Y.Mahmudova qeyd edib ki, S.Əsgərova küşəsi və 420-ci məhəllə 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1398 nömrəli sərəncamı ilə “Səadət MTK”ya verilib. Səbəb isə həmin ərazidə prokurorluq işçiləri üçün ev tikintisidir. 1998-ci ildə həmin ərazinin boş sahəsində “Səadət” MTK tərəfindən tikinti işləri həyata keçirilib. 420-ci məhəllədə prokurorluq işçiləri üçün tikilən ev bir müddətə qədər avtomobil dayanacağı kimi istifadə olunan ərazidə inşa olunub. Yəni, mənzillər olan ərazidə heç bir tikinti işləri aparılmayıb. Amma, buna baxmayaraq “Səadət”MTK və prokurorluq işçiləri ərazidə yaşayan sakinlərə müəyyən hədə-qorxu gələrək onlara evlərini tərk etməyi tapşırıb.

BŞİH razılıq verir, tikinti şirkəti isə sakinləri sıxışdırır

Ailə üzvləri məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, problem bu günə qədər öz həllini tapmayıb. Şikayətçi deyir ki, nə evini təmir etdirə bilir, nə də ailəsi ilə birlikdə həmin mənzildə sakit yaşaya bilmir. Hər an ailə üzvləri onların şərlənəcəyindən ehtiyatlanır: “Biz həmin evdə 12 nəfər ailə üzvü ilə bir yerdə yaşayırıq. Oğlanlarım, gəlinlərim, qızların, nəvələrim və mən. Ev 1857-ci ildə bud daşından hörüldüyü üçün istismar müddətini başa vurub. Buna görə də 2008-ci ildə evin bir otağını təmir etdirmək qərarına gəldik. İstəyirdim ki, qızım uşaqları ilə birgə həmin otaqda yaşasın. Bununla bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsindən və Bakı Şəhər İcra Hakimiyyətindən razılıq aldıq. Evin təmir bərpası üçün lazımı avadanlıqları alsaq da, təmirə imkan vermədilər. Evi təmirə başlayandan bir neçə gün sonra özünü Baş Prokurorluğun işçiləri kimi təqdim edən Nüsrət Nüsrətov, Yasamal Rayon prokuroru Həsrət Pirməmmədov, sahə müvəkkili Arif Məşədiyev, Yasamal rayon prokurorluğunun və rayon polis idarəsinin 30 nəfər üzvü sözügedən əraziyə gələrək əllərində lom və digər əşyalarla evi uçurdular. Hadisə ilə bağlı dərhal Yasamal Rayon Polis İdarəsinə bir neçə dəfə telefon zəngi etdik. Polisdən ünvanı dəqiqləşdirdilər. Ancaq əraziyə bir nəfər də polis işçisi gəlmədi”.

Məhkəmə sakinləri müdafiə edir, MTK isə əl çəkmir

Y.Mahmudova baş verənlərlə bağlı 2008-ci ildə Yasamal Rayon Məhkəməsində “Mənzilin təmir bərpa işlərin aparılmasına qanunsuz maneələrin aradan qaldırılması və dəymiş naddi zərərin ödənilməsi ” tələbinə dair iddia qaldırıb. Yasamal Rayon Məhkəməsinin hakimi Raqib Qurbanovun 2 (004)-1461/2009-cu il tarixli qərarına əsasən Şəadət MTK-ya evin təmir tikintisini müdaxilə etmək qadağan edilib: “Qərarda göstərilir ki, iddiaçı “Səadət MTK” cavabdehlər Mahmudova Yelizavetda və Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanından Bakı Şəhər Ərazi İdarəsinə qarşı ilkin iddiasının rədd edilməsi, S.Əsgərov 74 ünvanında yerləşən yaşayış sahəsinin M.Yelizaveta adına özəlləşdirilməsi və onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrinin 0042391 saylı çıxarışın etibarsız hesab edilməsi rədd edilsin.

Yasamal rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verən Səadət MTK və bu şirlkətin havadarları istəklərinə nail ola bilməyib: “2011-ci ildə Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov Yasamal Rayon məhkəməsinin qətnaməsini qüvvədə saxladı”.

Amma, qarşı tərəf yenə də sakitləşməyib və Ali Məhkəməyə kassasiya şikayəti verib: “2011-ci ildə iş Ali Məhkəməyə göndərildi. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edib işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərib. Proses 3 dəfə təkrar olunub. Bütün bunlara baxmayaraq hər dəfə Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. İndi iş yenidən Apellyasiya Məhkəməsinə göndərilib”.

Y.Mahmudova bildirir ki, qarşı tərəf işin uzadılmasında maraqlıdır. Onun sözlərinə görə, Səadət MTK rəhbərliyi və onun arxasında duran havadarlar məhkəməyə təsir göstərərək işin uzadılması üçün əllərindən gələni edirlər: “Biz məhkəməyə müraciət edəndə onlar da belə bir iddia qaldırıb ki, guya bizim yaşadığımız evə məxsus sənədlər qanunsuzdur. Halbuki, mən bu evə gəlin gəlmişəm. Uzun müddət burada yaşamışam. Eyni zamanda DƏDRX və eləcə də aidiyyatı qurumlardan sənədlərimiz var”.

MTK rəhbəri köhnə əlaqələrini işə salıb

Y.Mahmudova işin Ali Məhkəmədən geri qayıtmasını “Səadət” MKT-nın rəhbərinin keçmiş prokuror işçisi olması ilə bağlı olduğunu deyir. Onun sözlərinə görə, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə Səadət MTK-nın rəhbəri bu məsələdə ortaq mövqe nümayiş etdirir: “Səadət MTK-nın sədri Elmira Mirzəzadə də öz əlaqələrindən istifadə edərək qanunsuz olaraq bizi sıxışdırır, qanuni hüquqlarımıza hər vəchlə mane olmağa çalışır”.

Şikayətçi başına gətirilən müsibətlərlə bağlı dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralava müraciət edərək hüquqlarının bərpası üçün prezidentdən yardım istəyib.

Y.Mahmudova problemin çözülməyəcəyi təqdirdə beynəlxalq qurumlara müraciət edərək xarici ölkədən sığınacaq istəyəycəyini deyir. Onun sözlərinə görə, bu haqsızlıqlara dözə bilmədiyi üçün ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcək: “Məni buna məcbur edirlər. Mən Almaniya, Fransa, ABŞ, Rusiya səfirliyinə bu ölkələrdən sığınacaq almaq üçün müraciət edəcəm”.

Geri qayıt