Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISI KORRUPSİONER KİMİ HƏDƏFƏ ÇEVRİLİR

İCRA BAŞÇISI KORRUPSİONER KİMİ HƏDƏFƏ ÇEVRİLİR


17-01-2013, 10:31
İCRA BAŞÇISI KORRUPSİONER KİMİ HƏDƏFƏ ÇEVRİLİR
SAHİBKARLARI İNCİDƏN SÜLEYMAN MİKAYILOVA DA «DUR» DEYƏN TAPILDI

DİA.AZ: - Qaradağın icra başçısı «Çakır» ləqəbli Süleyman Mikayılovun başı dərddədir. Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbələr çatdırıb. Qaynağın verdiyi informasiyadan belə aydın olur ki, yerli sahibkarlarla ədavətdə olan, onların mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq 20-yə yaxın iş adamının əmlakını talan edən Süleyman Mikayılovun məsələsi artıq dövlət başçısının masasına qədər yol tapa bilib.

Bu barədə danışan qaynaq bildirir ki, əslində problem uzun müddətdən bəri davam etsə də, hətta müxtəlif məhkəmə instansiyalarının predmetinə çevrilsə də, bu vaxta qədər diqqətləri cəlb etməmişdi. Sadəcə olaraq, son zamanlar haqqı tapdanan sahibkarların bu məsələ ilə əlaqədar Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin bəzi əməkdaşlarının maraqlı tərəf kimi çıxış etməsini nəzərə alaraq birbaşa olaraq sözügedən komitənin sədri Kərəm Həsənovun üzərinə yerimələri vəziyyətin kifayət qədər dəyişməsinə nədən olub.

Məlumatlarda bildirilir ki, sahibkarların ittihamlarını geniş şəkildə araşdıran komitə rəhbərliyi bu işdə günahkar olan əməkdaşlarını cəzalandırmaq qərarına gəlib: «Məsələ bu deyil. Əsas olanı isə odur ki, artıq Süleyman Mikayılovun özü hədəfdədir. Onun öz yaxın qohumlarının adı altında Lökbatandakı bazarı və bazar ətrafındakı obyektləri qanunsuz olaraq ələ keçirməsilə bağlı hətta cinayət işi də açıla bilər».

Mənbəmiz bildirir ki, yuxarıdakı himayədarlarına güvənən Süleyman Mikayılov sahibkarlarla yanaşı, həmçinin «Azərittifaq»ın balansında olan obyekti də zəbt edib ki, bu da artıq bir dövlət qurumunun ərazisinin qanunsuz yolla ələ keçirilməsi kimi qiymətləndirilir.

Son məlumatlardan aydın olur ki, işin antikorrupsiya tədbirləri çərçivəsində araşdırılması barədə göstəriş verilib. Və bu zaman Süleyman Mikayılovun hədəf olmaqdan yayınması qeyri-mümkündür.

Geri qayıt