Əsas Səhifə > Cəmiyyət > PAKİSTANDAN AZƏRBAYCANA QARDAŞ DƏSTƏYİ
PAKİSTANDAN AZƏRBAYCANA QARDAŞ DƏSTƏYİ18-11-2011, 12:30 |
“ERMƏNİLƏR İŞĞAL ETDİKLƏRİ TORPAQLARDAN GERİ ÇƏKİLMƏLİDİRLƏR” Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir. Pakistanın xarici işlər naziri Hina Rəbbani Har belə hesab edir. "Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı tamamilə dəstəkləyir və Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunmasını vacib hesab edir", - Pakistan XİN-in rəhbəri Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovla görüşündə deyib. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib. Pakistan xarici siyasət idarəsinin rəhbəri Azərbaycanı BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsi münasibəti ilə təbrik edərək bu faktı Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirib və iki ölkənin BMT çərçivəsində əməkdaşlığının davam etdiriləcəyini qeyd edib. Azərbaycanın səfiri Pakistan rəhbərliyinə ölkəsinin mövqeyini, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla bütün məsələlərdə dəstəklədiyinə görə minnətdarlığını bildirib. Şikarovun sözlərinə görə, Pakistan Prezidentinin Azərbaycana səfəri məsələsi gündəlikdə durur və bu səfər ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Diplomat nazirə məlumat verib ki, Azərbaycan hökuməti Sind əyalətində daşqınlardan zərərçəkənlərə 2 milyon dollar məbləğində humanitar yardım ayırıb. Pakistan XİN-in rəhbəri Azərbaycan rəhbərliyinə və xalqına onun ölkəsi üçün ağır olan dövrdə göstərdiyi maddi və mənəvi dəstəyə görə təşəkkürünü bildirib. Geri qayıt |