Əsas Səhifə > Cəmiyyət > RUS GENERAL 20 NOYABR OLAYININ SİRRİNİ AÇIR

RUS GENERAL 20 NOYABR OLAYININ SİRRİNİ AÇIR


18-11-2011, 12:26
RUS GENERAL 20 NOYABR OLAYININ SİRRİNİ AÇIR

“MƏHƏMMƏD ƏSƏDOVUN FƏALİYYƏTİ YUXARILARI QANE ETMİRDİ”

1991-ci ildə Füzuli və Xocavənd rayonlarının hərbi komendantı olmuş general-leytnant Aleksandr Volox 1991-ci il, noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında hərbi vertolyotun erməni quldurları tərəfindən vurulmasına münasibət bildirib.

General-leytenant Aleksandr Volox APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, ezamiyyət müddətinin uzadılmasına görə Daxili İşlər Nazirliyinə yazdığı raporta müsbət cavab alacağı təqdirdə özü də həmin vertolyotda olacaqmış.

Həmin dövrdə Azərbaycanın daxili işlər naziri general Məhəmməd Əsədovla yaxın dost olduğunu söyləyən A. Volox ezamiyyət müddətinin uzadılmasını ondan Məhəmməd Əsədovun xahiş etdiyini bildirib: “Məhəmməd Əsədov cəsur, igid və çətin vəziyyətlərdə mühüm qərarlar verə bilən insan idi. Hansı ki, verdiyi qərarlar heç də yuxarıları qane etmirdi. Ona böyük hörmət bəsləyirdim. Bizim bir-birimizə inamımız böyük idi. Ona görə də, o məndən xahiş elədi ki, ezamiyyətimin vaxtını uzatmaq üçün raport yazım. Çünki, bizdə ezamiyyət müddəti müəyyən vaxta qədər idi. Vaxt bitən kimi isə məni başqa komendant əvəz edəcəkdi. Lakin mən ezamiyyət müddətimin uzadılmasına şübhə ilə yanaşırdım. Bilirdim ki, ezamiyyətin vaxtını uzatmayacaqlar. Bunu Əsədova da dedim. Şübhəmin əsası da o idi ki, mənim təcavüzü dayandırmaq və təcavüzə məruz qalan insanlara dəstək olmaq fikrimi heç kəs bölüşmürdü. Lakin Əsədov məndən buna baxmayaraq yenə də, raport yazmağımı xahiş elədi. Sözsüz ki, mən raportu yazdım. Çünki, mən ruhən geri addım atmağı sevməyən döyüşçüyəm. Raportuma etiraz cavabı verildi. Mənim xidmətlərim onlara lazım deyildi”.

General-leytenant Volox təzə təyin olunan komendantın vəziyyəti daha da gərginləşdirdiyini deyib: “Çünki, onun problemdən xəbəri tamamilə yox idi. Gecə ikən onu OMON-un dağda yerləşən döyüş məntəqəsinə apardım. O, döyüş məntəqəsində olan döyüşçülərə “qulaq asın, nəyə görə döyüşürsünüz? Belə edin, qoyun onlar Naxçıvanı alsınlar, sizə də Qarabağı versinlər” dedi. Döyüşçülər komendantın cavabını lazımınca verdilər. Onlar Naxçıvanın da, Qarabağın da Azərbaycan torpağı olduğunu söylədilər. Bundan sonra isə yeni komendant Naxçıvanın Azərbaycanın ərazisi olduğunu bu vaxta kimi bilmədiyini dedi. Çox qəribə bir hal idi ki, yuxarıdan bura göndərilən adamın vəziyyətdən xəbəri yox idi. Məni dəyişmək lazım deyildi. Lakin qərar artıq verilmişdi, mənim yerimi dəyişdilər. Mən evə qayıtdım. Çox böyük çətinliklə bu qərara öyrəşdim. Üstündən təxminən bir həftə keçmişdi. Evdə yoldaşımın qışqırıq səsini eşitdim. O, qışqıraraq məni çağırırdı. Mən ondan nə baş verdiyini soruşdum. O, Əsədovun olduğu vertolyotun partladıldığını söylədi. Bilirsiniz, ezamiyyət müddətimin uzadılması haqqında raportuma müsbət cavab verilsəydi, Qarakənddə partladılan vertolyotda mən də olacaqdım. Məhəmməd Əsədovun, elə bir insanın həlak olmasına çox təəssüflənirəm. Hər dəfə Azərbaycana yolum düşəndə onun qəbrini ziyarət edirəm”.

A. Volox hadisə zamanı həlak olan digər generalların unudulduğunu da söyləyib: “Bu çox təəssüf doğuran bir haldır. Həlak olan generallar təcavüzə məruz qalmış Azərbaycan xalqına yardım etməyə çalışan insanlar olublar”.


Geri qayıt