Əsas Səhifə > Cəmiyyət, Manşet > CAVİD QURBANOBUN HİMAYƏ ETDİYİ KORRUPSİYA

CAVİD QURBANOBUN HİMAYƏ ETDİYİ KORRUPSİYA


15-01-2013, 11:51
CAVİD QURBANOBUN HİMAYƏ ETDİYİ KORRUPSİYA
AĞDAM TƏHSİLİNİ KİMLƏR MƏHV EDİR?

DİA.AZ: - Dünən Ağdam Rayon Təhsil Şöbəsində (RTŞ) və onun rəhbəri Elmira Şükürova haqda mötəbər mənbələrdən aldığımız məlumatları diqqətinizə təqdim etmişdik. Apardığımız araşdırmalar zamanı redaksiyamıza daxıil olan məlumatların bir hissəsini də dəqiqləşdirməyə nail olduq. Çox ciddi korrupsiya və maliyyə maxinasiyasından bəhs edən həmin məlumatları diqqətinizə çatdırırıq.

İlk öncə onu qeyd edək ki, Elmira Şükürova əslən Kəlbəcər rayonundandır və bu rayonun keçmiş icra başçısı Əvəz Şükürovun qızıdır. Ə.Şükürov 1993-cü ilin iyun qiyamında Surət Hüseynovun yaxın adamlarından biri olmuşdu. Elmira xanımın “Azəryolservis” rəhbəri Cavid Qurbanovla qohumluq əlaqələrinin olduğu deyilir. Rayon təhsil şefinin korrupsiyalarının bu vaxta qədər cəzasız qalmasında da məhz Cavid Qurbanov faktorunun ciddi rol oynadığı bildirilir. Söhbət isə rəsmən təsdiqlənmiş, yəni Maliyyə Nazirliyinin yoxlaması zamanı üzə çıxan yeyintilərdən gedir.

DİA.AZ-a daxil olan məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən Maliyyə Nazirliyinin yoxlayıcıları rayonun təhsil müəssisələrində kompleks yoxlamalar aparıb. 2009-2010-cu dərs illərini əhatə edən yoxlamalar zamanı ciddi qanun pozuntuları və korrupsiya faktları aşkarlanıb. Bu məsələ ilə bağlı redaksiyamıza daxil olan xəbərdə deyilir ki, rayonun təhsil şöbəsinin müdiri sənədləri saxtalaşdırmaqla, yalan məlumatlar daxil etməklə köçkün məktəblərinə ayrılan külli miqdarda büdcə vəsaitini mənimsəyib. Mənimsəmə və korrupsiya əməliyyatlarında şöbə müdirindən başqa bütöv bir şəbəkənin razılaşdırılmış fəaliyyət göstərdiyi də aydınlaşdırılıb. Maliyyə Nazirliyinin mütəxəssisləri 2010-cu ilin təkcə 1 ayı ərzində büdcədən Ağdamın təhsil şöbəsinə ayrılan pullardan 4 milyon 961 min 61 manat 80 qəpiyin mənimsənildiyini müəyyən ediblər. 43 və 141 saylı ibtidai məktəb jurnallarında adları qeyd edilmiş şagirdlərin faktiki olaraq digər məktəblərdə təhsil alması, fəaliyyəti dayandırılan məktəblərə 14 min 359 manat 98 qəpik ayrılaraq mənimsənilməsi məlum olub. Qanunsuzluqlar bununla bitməyib. Dördyol deyilən yaşayış massivindəki 82 saylı məktəbdə araşdırma aparılarkən həmin ərazidə fəaliyyət göstərən texniki fənlər təmayüllü məktəb-liseyin 1-8 sinif jurnallarına yazılmış və saxta məlumatlar əsasında ikinci məktəb açılmışdı. Bu fakt araşdırıldıqdan sonra da həmin məktəb bağlanmamış və korrupsiya fəaliyyətinin davam etdirilməsinə şərait yaradılıb. Şagird sayı çox göstərilərək açılan Tərtərin Köçərli kəndində fəaliyyət göstərən 8 saylı orta məktəbdə Gəncə Yüngül Sənaye Texnikumunu bitirən Qəmbərova Ema Məmmədağa qızının ibtidai sinif, Azərbaycan Birlik Cəmiyyəti “Sənət” Tədris Kommersiya Mərkəzinin 6 aylıq kursunu dinləmiş Atakişiyeva Həvva Məcid qızının isə sinif müəlliməsi vəzifələrinə təyin edilməsi aydın olub. Digər sahələrin mütəxəssisləri olan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və bu şəxslərə dövlət büdcəsindən 92 min 802 manat 70 qəpik əməkhaqqı ayrılaraq mənimsənilib.

Şagird kontingenti zəif olan orta məktəblərdə komplektləşdirmə qaydasından istifadə edilib və bu yolla 10 min 744 manat 80 qəpik vəsait silinib. Digər məktəbdən isə 73 min 744 manat 80 qəpik yeyinti aşkarlanıb. Yoxlama zamanı 14 nəfərin adına qanunsuz olaraq dərs yazılması və bu yolla 77 min manat mənimsənilməsi də üzə çıxıb. Hətta araşdırma zamanı məlum olub ki, rayon təhsil şöbəsinin müdirəsi Elmira Şükürova hər ay Ağdamın 151 məktəbinin direktorunun hər birindən müxtəlif adlar altında 100 manat yığır. Təkcə bu əməliyyatdan E.Şükürova ayda 15 min 100 manat əldə edir.

Maliyyə Nazirliyinin rayonda apardığı yoxlamalardan və ortaya çıxan qanunsuzluqdan Samir Şərifovun birbaşa xəbəri olub və o, ölçü götürülməsi üçün göstəriş verib. Lakin “Azəravtoyolservis” ASC-nin sədri Cavid Qurbanovla yaxın qohumluq əlaqələrindən istifadə edən E. Şükürova onun vasitəsilə nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. Xahiş edib ki, Maliyyə Nazirliyinin yoxlamalarının nəticələri barədə prokurorluğa məlumat verilməsinin qarşısını alsın. Amma maxinasiyalar bununla bitməyib. Növbəti yazımızda mövzunu davam etdirəcəyik.

Qarşı təırəfi də dinləməyə hazırıq...

Geri qayıt