Əsas Səhifə > Ölkə > “XURAL”ı BAŞQA ADLA DA BURAXMAQ MÜMKÜN OLMUR

“XURAL”ı BAŞQA ADLA DA BURAXMAQ MÜMKÜN OLMUR


17-11-2011, 14:28
“XURAL”ı BAŞQA ADLA DA BURAXMAQ MÜMKÜN OLMUR

“İNDİ HƏM DƏ HÜQUQİ PROBLEMLƏR VAR”

Fəaliyyəti dayanmış “Xural” qəzetinin redaktoru Məlahət Zeynallı noyabrın 17-də “Media forum” saytına açıqlama verib. O deyib ki, qəzetin nəşrini bərpa etmək istəsələr də, buna nail ola bilmirlər: “Ötən ay məhkəmə icraçıları qəzetin əmlakını müsadirə etdilər. Daha sonra mətbəə problemi ortaya çıxdı. İndi həm də hüquqi problemlər var”.

Məlahət Zeynallının sözlərinə görə, redaksiyanın “Xural”ı başqa adla nəşr etmək planı var, amma Ədliyyə Nazirliyi buna razılıq vermir.

“Xural” qəzeti 2002-ci ildə yaradılıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan qəzet həmin gündən həftədə yeddi dəfəyə keçib.

Oktyabrın 19-da məhkəmə icraçıları “Xural” qəzetinin əmlakını müsadirə ediblər. Ədliyyə Nazirliyinin mətbuat xidməti hadisəni qəzet barədə çıxarılmış üç məhkəmə qərarının icraya yönəldilməsi ilə izah edib.

Oktyabrın 20-də isə “Ekspress” mətbəəsi qəzetin çapından imtina edib. Başqa mətbəələrlə aparılan danışıqlar nəticə verməyib.

Oktyabrın 28-də qəzetin təsisçisi və baş redaktoru Əvəz Zeynallı həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur.

Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Ə.Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.

Noyabrın 17-də “Media forum”a danışan Məlahət Zeynallı qeyd edib ki, Bakının Nərimanov rayonunda kirayələdiyi ofisi tərk etməyə məcbur olan redaksiya hazırda Müsavat Partiyasının qərargahında məskən salıb: “Qəzet çıxarmaq üçün avadanlığımız da var. Amma davamlı təzyiqlər nəticəsində “Xural”ın nəşri mümkün olmur. Başqa adla qəzet buraxmağa da imkan verilmir”.

Məlahət Zeynallı Əvəz Zeynallının həyat yoldaşıdır. O, “Xural”da informasiya şöbəsinə redaktorluq edir.


Geri qayıt