Əsas Səhifə > Cəmiyyət, Manşet > RƏBİYYƏT ASLANOVAYA YAP-DAN XƏBƏRDARLIQ

RƏBİYYƏT ASLANOVAYA YAP-DAN XƏBƏRDARLIQ


11-01-2013, 14:27
RƏBİYYƏT ASLANOVAYA YAP-DAN XƏBƏRDARLIQ
ƏSGƏR ÖLÜMÜ MƏSƏLƏSİ İQTİDARİÇİ QOVĞALARI QIZIŞDIRIB

DİA.AZ: - Məlum olduğu kimi, Daşkəsəndə yerləşən hərbi hissələrin birində dünyasını dəyişmiş əsgərimiz Ceyhun Zaman oğlu Qubadovun ölümü ölkədə ictimai rezonans doğurub. Amma bu ajiotajdda narahatçılıq doğuran məqamlar da yetərincədir. Söhbət baş vermiş faciədən öz cılız siyasi ambisiyaları naminə sui-istifadə etməyə hazır olan qüvvələrin varlığından və onların manipulyativ jestlərindən gedir.

Az əvvəl də məlumat verərək bildirmişdik ki, artıq son günlərin əsas hədəfinə çevrilmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prosesləri nəzarəti altına almağa çalışır. Bu yöndə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, bu gün bəzi millət vəkillərinin hətta ümumiqtidar maraqlarına zidd çıxışlar etməsinin cəsarət dopinqi də PA şefi tərəfindən təmin edilməkdədir.

Hər halda, bu gün orduda baş verən istənilən bir neqativ hal, ələlxüsus də bir əsgərimizin faciəli şəkildə dünyasını dəyişməsi birbaşa olaraq bu işdən sorumlu olan dövlət məmurlarının, eləcə də hakimiyyətin çiyinlərindədir. Belə bir şəraitdə Ramiz Mehdiyevin və onun tərəfdarlarının xüsusi canfəşanlıq edərək gərginliyi daha da şiddətləndirmələri hiss olunur ki, bu da artıq onların özlərini hakim düşərgədən ayrıca, muxtar hiss etmələrinin təzahürü kimi qəbul olunmalıdır.

Mənbəmiz bildirir ki, az əvvəl tanınmış iş adamı ilə izdivacını pozan YAP-çı deputat Rəbiyyət Aslanova da təsadüfi şəkildə bu məsələnin üzərinə yerimir: «Rəbiyyət Aslanova Ramiz Mehdiyevin fəal müdafiəçilərindəndir. Və onlar bu yolla əyləşdikləri gəmini batmaqdan xilas etməyə çalışırlar və gündəmin dəyişəcəyinə ümid edirlər. Doğrudur, bu məsələ ilə əlaqədar digər xanım millət vəkili Qənirə Paşayevə da fəallıq edir. Amma bu, artıq Qənirə xanımın ənənəvi davranışları olduğundan onun Ramiz Mehdiyevin çetesində təmsil olunduğunu, Mehdiyevin əlinə oynadığını iddia etmək olmaz».

Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, az qala sabahkı aksiyaya çağırışlar edən Rəbiyyət Aslanova artıq YAP rəhbərliyi tərəfindən məsələyə baxışına görə qınanıb. Daha bir neçə mehdiyevçi millət vəkilinə də oxşar iradların tutulacağı deyilir.

Geri qayıt