Əsas Səhifə > Hadisə > DAHA BİR STRUKTUR İSLAHATI TƏKLİFİ

DAHA BİR STRUKTUR İSLAHATI TƏKLİFİ


17-11-2011, 14:24
DAHA BİR STRUKTUR İSLAHATI TƏKLİFİ

DEPUTAT VN-NİN MALİYYƏ NAZİRLİYİNƏ BİRLƏŞDİRİLMƏSİNİ İSTƏYİR

Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycandakı dövlət ali məktəblərinin özəlləşdirilməsini təklif edib. “APA-ECONOMİCS”in məlumatına görə, parlament komitələrinin birgə iclasında 2012-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirələrində çıxış edən Qüdrət Həsənquliyev 20 milyard manatlıq büdcədə qeyri-neft sektorundan vergilərin həcminin cəmi 2 milyard 650 milyon manat təşkil etməsinin mənfi hal olduğunu bildirib: “Mən Dövlət Neft Fondundan ayırmaların əleyhinə deyiləm. Amma ölkədəki iqtisadi inkişaf, o cümlədən qeyri-neft sektorunun artımı özünü qeyri-neft sektorundan daxil olan vergilərdə də göstərməlidir”.

Millət vəkili iqtisadi artıma baxmayaraq, ölkədə əmək haqlarının hələ də aşağı olduğunu bildirib: “Həkim və müəllimlərin maaşları aşağıdır. Həkimlərin əksəriyyəti yarım ştat işləyir və 80 manata yaxın maaş alır. Bu pulla dolanmaq olmaz”. Son vaxtlar korrupsiyaya qarşı mübarizə, o cümlədən təhsil və səhiyyə sistemində rüşvətin qarşısının alınması ilə bağlı görülən tədbirlərə toxunan millət vəkili bu tədbirlərin təsiri olmadığını bildirib: “Onlar indi də rüşvət alırlar, çünki maaşları azdır, amma indi qorxa-qorxa alırlar ki, həbs olunarlar. Orta məktəb müəllimləri də onun kimi. Ali məktəblərdə də vəziyyət eynidir. Etiraf etməliyik ki, nə qədər nəzarət etsək də, belə halların qarşısını ala bilməyəcəyik. Bunun qarşısını almaq üçün dövlət universitetləri özəlləşdirilməlidir”.

Heç bir ölkədə bu qədər dövlət universiteti olmadığını deyən Q. Həsənquliyev bildirib ki, universitetlərin özəlləşdirilməsi, oradakı müəllimlərini maaşlarının artmasına səbəb ola bilər: “Xaricdə müəllimlər, professorlar 1500-2000 manat maaş alırlar”.

Millət vəkili ARDNŞ-in tibb müəssisələrinin Səhiyyə Nazirliyinin balansına keçməsinə də etiraz edib: “ARDNŞ-in tibb müəssisələri Səhiyyə Nazirliyinə verilib. Əslində onlar özəlləşdirilməli idi ki, həm keyfiyyətli xidmət göstərilsin, həm də burada işləyən həkimlər normal maaş alsınlar”.

O, çıxışında siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə də toxunub: “Bu əlbəttə ki, təkcə Maliyyə Nazirliyinə aid məsələ deyil, bu, həm də siyasi qərardır. Amma məsələ yenə də öz köklü həlini tapmalıdır”.

Bununla yanaşı, Qüdrət Həsənquliyev bir neçə ildir QHT-lərin büdcədən maliyyələşdirilməsini müsbət addım sayıb.


Geri qayıt