Əsas Səhifə > Güney Press, Araşdırma > LÖKBATAN GÖMRÜYÜNDƏ ŞIDIRĞI PUL YIĞILIR

LÖKBATAN GÖMRÜYÜNDƏ ŞIDIRĞI PUL YIĞILIR


11-01-2013, 09:51
LÖKBATAN GÖMRÜYÜNDƏ ŞIDIRĞI PUL YIĞILIR
80 YAŞLI NƏNƏ ŞİKAYƏTÇİDİR

Dünən TİA.AZ-a Lənkəran rayonu, Liman şəhəri, H. Aslanov küçəsi, 188 saylı evdə yaşayan 80 yaşlı Adilə Cəbi qızı Yusubova şikayət məktubu ilə müraciət edib. Adilə nənə yazır ki, Qəhrəman Anadır və 10 uşaq böyüdüb. 84 yaşlı təqaüdçü həyat yoldaşı ilə yaşayan Lənkəran sakininin şikayəti isə gömrük orqanlarındandır.

Adilə nənə yazır ki, kiçik oğlu Ayaz digər oğlu Azadla birlikdə 14 iyun 2012-ci ildə Gürcüstandan «Mersedes» maşını gətiriblər. 1998-ci il buraxılışı olan həmin avtomobili gömrükdən keçirmək üçün Lökbatan Gömrük İdarəsində olublar və onlardan buna görə, 5 min manat pul istənilib. «Maşının matoru sənəddə nəzərdə tutulduğundan böyük olduğuna görə, uşaqlarımdan 5 min manat gömrük rüsumu istənilib. Lakin onların bu pulu verməyə gücləri çatmadıqlarından, maşın alınıb gömrük dayanacağına qoyulub. Uşaqlarım qohum-əqrabanın köməkliyi ilə 4 min manat düzəldib, ötən ilin dekabrın 26-da maşını götürmək üçün Lökbatan Gömrük İdarəsinə gediblər. Orada isə onlardan əlavə olaraq daha 4 min manat pul istəyiblər. Və bunu da dayanacaqpulu olduğunu deyiblər. Uşaqlarım bu pulu nəyə görə verəcəklərini bilmək istədikdə isə, oradan qovulublar. Halbuki, avtomobil 3 min manata Gürcüstanda alınıb. Biz başa düşə bilmirik ki, bu qədər rüsum və dayanacaq haqqı nə üçün verməliyik».

80 yaşlı lənkəranlı nənə bildirir ki, üzləşdikləri bu ədalətsizliklə əlaqədar müxtəlif instansiyalara müraciət ediblər. «26.12.2012-ci il, 27.12.2012-ci il və 04.01.2013-cü il tarixlərdə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin qaynar xəttinə və Respublika Gömrük Komitəsinin qaynar xəttinə müraciət etsək də, heç bir nəticəsi olmayıb».

Geri qayıt