Əsas Səhifə > Cəmiyyət, Manşet > REALLIQ: HEÇ NƏYƏ GÖRƏ 7 İL YARIM HƏBS CƏZASI

REALLIQ: HEÇ NƏYƏ GÖRƏ 7 İL YARIM HƏBS CƏZASI


10-01-2013, 11:22
REALLIQ: HEÇ NƏYƏ GÖRƏ 7 İL YARIM HƏBS CƏZASI
OĞLU HƏBSDƏ OLAN ANA PREZİDENTDƏN KÖMƏK İSTƏDİ

DİA.AZ: - Övladı həbsdə saxlanılkan Cəlilabad rayonu Qarazəncir kənd sakini Bayramova Züleyxa Ağababa qızı prezident İlham Əliyevə şikayət məktubu ilə müraciət ünvanlayıb. Həmin şikayət məktubunun bir nüsxəsi də DİA.AZ-a daxil olub. Məktubda deyilir:

“Cənab Prezident İlham Əliyev!

Oğlum Bayramov Yaşar Qayıb oğlu keçən il həbs olunub. Oğlum həyətimizin su motorunu düzəltmək, sarğısını sarıtdırmaq üçün kəndimizdəki motor ustasına vermişdi. Həmin usta motoru götürüb satmış, nə pulu, nə də motoru qaytarmışdı. Bunun üstündə oğlumla həmin usta arasında xırda mübahisə olmuş, sonra usta oğlumun evinə hücum çəkərək onu təhqir etmiş, bıçaqla oğlumu bir neçə yerdən yaralamışdı. Oğlum özünü müdafiə edərək bıçağı onun əlindən alır və ona yüngül xəsarət yetirir. İndi həmin xırda mübahisəyə görə oğluma nə az, nə çox, 7 il yarım iş veriblər. Heç adam öldürənə bu qədər cəza vermirlər.

Oğlum yenicə evlənmişdi, 2 körpə uşağı var. Evləndiyi gündən kirayənişin qalırdı, nə evi, nə də torpağı vardı. Aya 30 manat verib, kənddə uçuq bir evdə kirayə qalırdı. Yoldaşı da, özü də ağır xəstə idilər, il boyu müalicə olunurdular. Bakıya gedib karyerdə daş atır, araba çəkirdi. Qazandığı xırda-xuruş pullarla ailəsini dolandırır, mənim dava-dərmanlarımı alırdı. İndi o, həbs olunandan bəri bizim də dolanışığımız ağırlaşıb, ailəsi də başsız qalıb. Atası Qayıb Bayramov 8 ildir ki, yataq xəstəsidir, gəlib baxa bilərsiniz, evimizə dərman iyindən girmək mümkün deyil. Aylarla ət ala bilmirik, bu məktubu yazdığımız vaxt evimizdə nə qəndimiz, nə də yağımız var, səhəri günə ümidimiz yoxdur.

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasına ərizə yazıb xahiş etmişəm ki, oğlumun da adını əfv siyahısına salsınlar. Sizdən bir ana kimi xahiş edirəm ki, mənim oğlum Bayramov Yaşar Qayıb oğlunun azadlığa çıxmasına yardımçı olasınız. Ümidsiz, əlacsız bir ailəni qırılmağa qoymayın”.

Geri qayıt