Əsas Səhifə > Partiya > ƏLİ HƏSƏNOVDAN MÜXALİFƏTƏ İTTİHAM

ƏLİ HƏSƏNOVDAN MÜXALİFƏTƏ İTTİHAM


17-11-2011, 13:11
ƏLİ HƏSƏNOVDAN MÜXALİFƏTƏ İTTİHAM

"AXCP, MÜSAVAT, AMİP ŞƏXSİ AMBİSİYALARIN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN YARADILDI"

“Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi sistemi yenidən formalaşmağa başladı və bu partiya ölkənin siyasi sisteminə yeni nəfəs, dövlətimizin siyasi fəaliyyət tarixinə siyasi mübarizə aparmanın sivil ənənələrini, normalarını gətirdi”. Modern.az-ın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Əli Həsənov hakim partiyanın saytına müsahibəsində bildirib.

Ə.Həsənovun sözlərinə görə, YAP-ın ilk sədri, mərhum dövlət başçısı Heydər Əliyev heç bir zaman insanları o zamanki hakimiyyətə qarşı çıxmağa çağırmırdı.

“O, hələ o zaman hər bir azərbaycanlını mövcud hakimiyyət ətrafında birləşməyə və problemlərin öhdəsindən gəlməyə səsləyirdi. Amma O, eyni zamanda, o vaxtki hakimiyyətin çatışmayan cəhətlərini, nöqsanlarını, qüsurlarını, yürütdüyü siyasətin mənfi tərəflərini açıq-aşkar, lakin konstruktiv şəkildə tənqid edirdi, düzgün yolu göstərirdi, milli birliyin yaradılması və vətəndaş qarşıdurmasından qaçmanın yollarından, daxili siyasətin qurulmasından, insanların potensialından dövlət quruculuğunda istifadənin metodlarından, Dağlıq Qarabağ probleminin həlli vasitələrindən, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən bəhs edirdi. Bir sözlə, hələ o zaman, Ulu öndər həqiqi mənada siyasi konseptual məsələləri ortaya qoyurdu.

Ümumiyyətlə, əsas mahiyyətə varmaq üçün o dövrün ictimai-siyasi proseslərinə daha dərindən nəzər salmaq lazımdır. Faktiki olaraq, eyni hərəkat tərkibindən çıxmış və hamısının da eyni məqsədlərə xidmət etdiklərini bəyan edən ayrı-ayrı adamlar sonradan fərqli partiyalar yaratdılar. Yəni, o zaman, AXCP, Müsavat, AMİP və digər partiyaların əksəriyyəti eyni hərəkatın tərkibindən çıxmış, eyni məqsədə xidmət etmiş ayrı-ayrı insanların şəxsi ambisiyalarının həyata keçirilməsi üçün yaradıldı. Bunların Azərbaycan dövlətinin gələcək inkişafı ilə bağlı fərqli fikirlərini özündə ehtiva edən proqramları mövcud deyildi. Hamısı eyni ideyaya xidmət edirdilər, lakin ayrı-ayrı düşərgələrə parçalanmışdılar. Məhz, həmin partiyalar da məqsədi və məramı bəlli olmayan fəaliyyətlərlə məşğul olurdular. Onlar qanun çərçivəsində, demokratik dəyərələrə aid sivil mübarizə metodlarından imtina edərək, qeyri-qanuni vasitələrlə fəaliyyət göstərirdilər. Hər biri ətrafına müəyyən qədər silahlı adam toplamışdı və Azərbaycanın ayrı-ayrı yüksək ranqlı vəzifələrinin açarlarını tələb edirdilər. Ortaya şəxsi ambisiyalarını qoymaqla, özlərinə xüsusi şərait istəyirdilər. Silahlı dəstələrini Dağlıq Qarabağda düşmənlə mübarizəyə istiqamətləndirmək əvəzinə, hakimiyyət uğrunda savaşlara cəlb edirdilər. Məhz, Azərbaycanda müstəqilliyin ilk illərində baş vermiş vətəndaş qarşıdurmalarının və müxtəlif sahələrdə ortaya çıxmış uğursuzluqların səbəbləri elə bunlar idi.

Lakin Yeni Azərbaycan Partiyasının hakimiyyətə gəlməsilə Azərbaycanda nümunəvi siyasi fəaliyyət ortaya qoyuldu. Yəni, görünən odur ki, YAP Azərbaycanın siyasi sisteminin inkişafına yeni dinamizm gətirdi, siyasi mübarizənin sivil normalarını ortaya qoydu, demokratik dəyərlərin bərqərar olmasını, vətəndaş cəmiyyətinin formalaşmasını təmin edən elementləri cəmiyyət həyatına daxil etdi. YAP xalq üçün fəaliyyət göstərməyin nümunəsini ortaya qoydu”.


Geri qayıt