Əsas Səhifə > Ölkə, Manşet > TQDK SƏDRİ İLƏ NAZİRİN DAVASI NƏYİN NAMİNƏDİR?

TQDK SƏDRİ İLƏ NAZİRİN DAVASI NƏYİN NAMİNƏDİR?


9-01-2013, 09:38
TQDK SƏDRİ İLƏ NAZİRİN DAVASI NƏYİN NAMİNƏDİR?
KİMSƏ UMMASIN Kİ, BUNLAR TƏHSİLİ DÜŞÜNÜR

DİA.AZ: - Neçə müddətdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilə Təhsil Naziri Misir Mərdanov arasında soyuq müharibə ab-havası hökm sürməkdədir. Tərəflər arasındakı qarşılıqlı ittihamlar hətta o həddə çatdı ki, təhqirə və ağır ifadələrə belə rast gəlindi.

Məsələn, bu bir fakt idi ki, keçən ilin yay aylarında mətbuatda «Məleykə Abbaszadə ərə getdi» başlığı ilə yayılan xəbərlərin arxasında dayanan yeganə maraqlı tərəf məhz təhsil nazirliyi və şəxsən nazir Misir Mərdanovun özü idi. Elə TQDK sədrinin də nazirin əleyhinə müxtəlif tipli addımlar atdığı da gözlər önündə baş verdi.

Beləcə bir-birilərinə qarşı ittihamlar səsləndirən tərəflər bu gün münasibətlərində atəşkəsə əməl etdiklərini sərgiləsələr də, əslində vəziyyət heç də görünən kimi deyil. Məsələn, bu günlərdə Təhsil Naziri Misir Mərdanov yenidən TQDK sədrinin bostanına daş atdı və qurumu qəbul imtahanlarına düşən suallarda süni çətinliklər yaratmaqda ittiham etdi.

Onu da bildirək ki, DİA.AZ-a Misir Mərdanovla Məleykə Abbaszadə arasında hökm sürən konfliktin əsl səbəblərilə bağlı olduqca ilginc faktlar daxil olub. Nazirlər Kabinetindəki bilgili qaynağın söylədiklərindən belə aydın olur ki, əslində təhsil naziri ilə TQDK sədrinin arasındakı dava heç də Azərbaycanda təhsilin səviyyəsinin yaxşılaşdırılmasına hesablanmayıb. Yəni Məleykə Abbaszadə cinahının hər il tələbə qəbulu prosesi zamanı keçid ballarını aşağı salması da imitasiyadır və sırf olaraq özəl maraqlara hesablanıb.

Mənbənin söylədikləri: «Doğrudur, Misir Mərdanov nə aydan arıdır, nə də sudan duru. Onun məhz təhsil sisteminə vurduğu zərbələrdən dolayı ömürlük həbsə məhkum edilməsi də yüngül cəza olardı. Çünki bir ölkənin təhsilinin evinin yıxılması, onun gələcəyinin şübhəyə, təhlükəyə alınması deməkdir. Misir Mərdanov da bunu edib. Amma bu gün təhsil nazirliyinə günbəgün iradlar səsləndirən, hətta dərs kitablarının belə monitorinqlərini aparan TQDK-nın da marağı heç də müqəddəs dəyərlərə söykənməyib».

Mənbəmiz iddia edir ki, əslində bütün oyunlar tələbə qəbulu prosesinə nəzarət rıçaqları uğrundadır: «Bu gün təhsil nazirliyi TQDK-nı tələbə qəbulu prosesindən kənarlaşdırmağa çalışır. Buna nail olacaqmı? Bu artıq başqa bir mövzudur. TQDK isə təhsil nazirliyinin hücumlarından müdafiə olunmaqdadır. Və hələlik nail olur. Amma əsas məsələ məhz tələbə qəbulu prosesinə kimin nəzarət etməsindədir».

Mənbəmiz bildirir ki, bu gün Misir Mərdanovun gözdən salınması, orta məktəblərdə təhsilin səviyyəsinin aşağı olmasının sübuta yetirilməsi üçün TQDK tərəfindən hər tələbə qəbulu prosesində təxribatlar törədilir: «Məqsədli şəkildə test sualları çətinləşdirilir. Xüsusən də texniki fənnlərdə. Elə bir şərait yaradılır ki, abituryentlər sualları cavablandıra bilməsinlər və yaxud da vaxt tapa bilməsinlər».

Mənbəmizin sözlərinə görə, qaydalara görə, testə salınan sualların 25 faizi asan, 25 faizi çətin, 50 faizi isə orta səviyyəli olmalı olduğu halda, bu gün TQDK-nın tərtib edərək təsdiqlədiyi test imtahanı suallarının 70-80 faizi çətin suallar hesab olunur: «Təbii ki, bunun da nəticəsində qəbul faizləri aşağı düşür və bu da Məleykə Abbaszadənin işinə yarayır».

Onu da bildirək ki, bütün bu oyunların məhz tələbə qəbulu prosesinə nəzarət uğrunda aparıldığı bir faktdır. Çünki sözdə imtahanlardan kənarda tələbə qəbulu prosesinin olmadığı iddia olunsa da, bu gün həm təhsil nazirliyinin və həm də TQDK-nın bəzi işbaz məmurları qanunsuz yollarla yüzlərlə abituryentə saxta tələbə haqqı qazandırmaqdadırlar.

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt