Əsas Səhifə > Hadisə > VAQİF AXUNDOVA QARŞI İTTİHAM

VAQİF AXUNDOVA QARŞI İTTİHAM


16-11-2011, 16:42
VAQİF AXUNDOVA QARŞI İTTİHAM

KEÇMİŞ İŞÇİLƏRİ ONU QEYRİ-PEŞƏKARLIQDA İTTİHAM EDİRLƏR

Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin iki keçmiş əməkdaşı – Asif Lətifov və Seymur Əlicanov mətbuat konfransı keçirərək öz komandanlıqlarının əleyhinə kəskin ittihamlar irəli sürüblər.

Hər iki zabit müvafiq olaraq 2011 və 2007-ci illərdə işdən çıxarılıb. Lakin onların fikrincə, çıxarılma qanunsuz və ədalətsiz olub.

A.Lətifov bildirib ki, dövlət başçısının, hökumət və digər əsas obyektlərin təhlükəsizliyinə cavabdeh olan Xidmətdəki korrupsiya faktını ifşa etdiyinə görə onu işdən çıxarıblar.

O17 il ərzində Xidmətin “Betta” qrupunda kiçik leytenant kimi çalışıb. Fikrət Rzayevin Xidmətə rəis təyin edilməsi ilə əlaqədar mənfi hallar artıb. Bu ilin martında A.Lətifov 156 E maddəsi ilə (xidməti uyğunsuzluq) işdən kənarlaşdırılıb. Bu maddə ilə işdən çıxarılması onun başqa işə düzəlməsini mümkünsüz edir.

Lətifov general Vaqif Axundovun qəbulunda olarkən sonuncu onu təxribatla məşğul olmaqda ittiham edib. “Məni günahlandırdılar ki, peşə bayramı münasibətilə MTN rəhbəri Eldar Mahmudova təbrik göndərmişəm”, - Lətifov vurğulayıb.

“Mən ölkə prezidentinə müraciət edərək bildirirəm ki, onun mühafizəsi olduqca zəifdir, onu aldadırlar. Xidmət qeyri-peşəkarlarla doludur və orada hərc-mərclik hökm sürür. Mənim bütün şikayətlərimə baxılmır, xidmət etdiyim orqana göndərilir”, - o bildirib.

Hazırda ona və ailə üzvlərinə təzyiqlər davam edir. Belə ki, qardaşı işdən çıxarılıb. Eyni zamanda Lətifov indiyədək işdən çıxarılması haqda əmri almayıb ki, məhkəməyə müraciət etsin.

S.Əlicanov isə bildirib ki, 2007-ci ildə 156 E maddəsi ilə işdən çıxarılıb. Nəticədə onun ailəsi dağılıb. Bundan əlavə, onun işdən qovulması əsaslandırılmayıb ki, bu da vətəndaş kimi hüquqlarının birbaşa pozulmasıdır.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov görüşə yekun vuraraq bildirib ki, bu idarədə çoxsaylı qanun pozuntusu və korrupsiya halları baş verir. İdarədə yerlibazlıq və qeyri-peşəkarlıq hökm sürür.

Dövlət Mühafizə İdarəsinə zəng edərək şərh almaq mümkün olmayıb.


Geri qayıt