Əsas Səhifə > Gündəm, Manşet > “TEXNİKABANK” ƏTRAFINDA YENİ OYUNLAR BAŞLAYIR

“TEXNİKABANK” ƏTRAFINDA YENİ OYUNLAR BAŞLAYIR


7-01-2013, 09:22
“TEXNİKABANK” ƏTRAFINDA YENİ OYUNLAR BAŞLAYIR
ETİBAR ƏLİYEVİN RƏHBƏR GƏTİRİLƏCƏYİ DEYİLİR: BUNUN ƏKSİ DƏ OLA BİLƏR

DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, keçən ilin mart ayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunan və ciddi ittihamların hədəfinə çevrilən keçmiş «TexnikaBank»ın (indiki «Bank Technique») Müşahidə Şurasının sədri Etibar Əliyev yenidən bankdakı fəaliyyətini bərpa edib. Bildirək ki, bankın əsas səhmdarlarından olan Etibar Əliyev 15 faizlik paya malikdir ki, bu da onunla bank arasındakı tellərin dərhal qırılmasını imkansız edir.

Xəbərimizdə onu da qeyd etmişdik ki, Etibar Əliyev nəinki banka qayıdır, hətta yenidən Müşahidə Şurasının rəhbərliyinə gətirilir. Qeyd edək ki, Etibar Əliyevdən sonra bu posta Rövşən İsmayılov gətirilmişdi ki, bir zamanlar «Beynəlxalq Bank»ın İdarə Heyətinin sədr müavini və baş maliyyə direktoru postunu tutmuq Rövşən İsmayılov məhz bankın səhmdarlarının arzusu ilə «TexnikaBank»da vəzifə verilmişdi.

Bildirək ki, artıq bu məsələ ilə bağlı konkret qərarın verildiyini də söyləmişdik və Rövşən İsmayılov Müşahidə Şurasının rəhbərliyindən kənarlaşdırılacağını qeyd etmişdik. Mənbənin həmin ərəfədə söylədikləri: «2013-cü ilin ilin yanvar ayının ortalarında Müşahidə Şurasının yeni toplantısı olacaq və bu toplantıda məlum qərar rəsmiləşəcək. Rövşən İsmayılovun isə yenidən «Beynəlxalq Bank»a qayıtması gözlənilir».

Bununla əlaqədar DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, but həftə «Texnikabank»ın Müşahidə Şurasının yenidən toplantısı keçirilə bilər: «Hələlik hazırlıq gedir. Toplantının vaxtı dəyişdirilə də bilər. Amma dəqiq olanı odur ki, Etibar Əliyev yenidən vəzifəsinə qaytarılır».

Bu arada bir başqa qaynaq isə redaksiyamıza Etibar Əliyevin bankdakı səhmlərini satışa çıxarması barədə xəbəri çatdırıb və maraqlı bir iddianı da ortaya qoyub: «Etibar Əliyev həbsxanadan müəyyən şərtlər əsasında azad edilib və o, öhdəlik götürüb ki, bankdakı səhmlərini iqtidara yaxın şəxslərdən birinə ötürməlidir və bundan sonra Müşahidə şurasında yenidən rəhbərlik müəyyən olunacaq».

Səslənən iddialarla bağlı adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt