Əsas Səhifə > Dünya > SAAKAŞVİLİ VƏZİYYƏTDƏN ÇIXMAĞA HAZIRLAŞIR

SAAKAŞVİLİ VƏZİYYƏTDƏN ÇIXMAĞA HAZIRLAŞIR


2-01-2013, 12:30
SAAKAŞVİLİ VƏZİYYƏTDƏN ÇIXMAĞA HAZIRLAŞIR
PREZİDENT TƏDBİRLƏR PLANI HAZIRLAYIB

Gürcüstan Prezidenti Mixail Saakaşvili ölkədə yeni və keçmiş hakimiyyət arasında ziddiyyətlərin aradan qaldırılması üçün proqram təklif edib.
Trend-in məlumatına görə, Saakaşvili hakim koalisiya ilə əməkdaşlığa hazır olduğunu bildirib və beş bənddən ibarət proqram təklif edib: hər iki tərəfdən, həmçinin Prezident tərəfindən təcavüzkar ritorikanın dayandırılması, keçmiş vəzifəli şəxslərin həbslərinin dayandırılması; ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasının dayandırılmasına yol verilməməsi məqsədilə hər iki siyasi komandanın ("Gürcü arzusu" və Saakaşvilinin komandası) səylərinin birləşdirilməsi; bir sıra rayonlarda yerli hakimiyyət orqanlarının rəhbərlərinin dəyişdirilməsi tələbləri ilə keçirilən aksiyaların dayandırılması; Prezident və Baş nazir tərəfindən birgə çağırışlar və yeni investorların cəlb edilməsi məqsədilə Tbilisidə beynəlxalq konfransın keçirilməsi.
Saakaşvili yeni hakimiyyəti seçkiqabağı vədlərinin icrasına başlamağa və keçmiş dövlət məmurlarının təqibi ilə daha az məşğul olmağa çağırıb.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Baş naziri Bidzina İvanişvili ölkənin keçmiş məmurlarının cinayət təqibi prosesinin dayandırıldığını bəyan edib.

Geri qayıt