Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA İLƏ BAĞLI DAHA BİR FAKT

GÜLƏR ƏHMƏDOVA İLƏ BAĞLI DAHA BİR FAKT


1-01-2013, 13:17
GÜLƏR ƏHMƏDOVA İLƏ BAĞLI DAHA BİR FAKT
KEÇMİŞ DEPUTATIN ŞƏXSİ MAŞINI NƏDƏN GİROV QOYULDU - İLGİNC

DİA.AZ: - Fəaliyyəti dayandırılmış Elşad Abdullayevin açıqladığı videoqalmaqal artıq bir nəfərin dünyasını dəyişməsi ilə müşaiyət olunub. Doğrudur, hələlik «mandat bazarlığı»nda adı vasitəçi kimi hallandırılan mərhumə Sevinc Babayevanın hansı şəraitdə dünyasını dəyişməsi ətrafında müəmmalar davam etməkdədir. Amma buna rəğmən baş verən olayın özü belə ortalıqdakı mənzərəni əməlli-başlı vahimələndirib. Artıq yeni qurbanların ola biləcəyi də anons edilməkdədir.

Bununla bağlı DİA.AZ-a isə olduqca ilginc məlumatlar ötürülüb. Etibarlılığına şübhə etmədiyimiz mənbənin söylədiklərinə görə, Sevinc Babayeva dünyasını dəyişən günü əslində o, Azərbaycana gətirilməli imiş. Mənbənin söylədikləri: «Amma Azərbaycanın xüsusi xidmət orqanları bu məsələdə gecikir və artıq Sevinc Babayevanın dünyasını dəyişməsi xəbəri gəlir».

Xatırladaq ki, ölümündən bir neçə gün əvvəl Sevinc Babayeva interpol tərəfindən axtarışa verilmişdi. Bunu xatırladan mənbəmiz vurğulayır ki, yerli xüsusi xidmət orqanları «araçı xanımı»n yerini təsbit etdikdən sonra onun Azərbaycana gətirilməsi üçün hərəkətə keçilir: «Amma məlum olduğu kimi gec qalınır».

Mənbəmiz onu da bildirdi ki, bu zaman Sevinc Babayevanın oğlu da həmin gün Türkiyəyə getmək fikrində imiş: «Lakin o da yarıdan qayıtmalı olur. Əslində, onun ölkədən çıxışı əngəllənsə də, mərhumənin oğlu Türkiyə yolunu tutmuşdu. Və hətta bu məqsədlə keçmiş deputat Gülər Əhmədovaya maddi yardım üçün ağız da açıbmış».

Gələn məlumatlarda deyilir ki, bundan sonra Gülər Əhmədova Sevinc Babayevanın xəstələnmə xəbərini alır: «Mərhumənin oğlu sabiq deputata bu xəbəri çatdırır və pul lazım olduğunu bildirir. Gülər Əhmədova da öz növbəsində əlində nağd pulunun olmadığını əsas gətirərək şəxsi maşınını mərhumənin oğluna verir. Və bundan sonra həmin maşın girov qoyularaq 20 min dollar pul götürülür. İndi də keçmiş deputatın maşını girovluqdadır».

Mənbəmiz onu da bildirdi ki, əslində Sevinc Babayevanın ölümü ətrafında müəmmaların açılması birbaşa olaraq hakimiyyət daxilindəki məlum gərginliklərin hansı sonluqla bitəcəyindən asılıdır: «Yəni burada sui-qəsdmi var, yoxsa əcəldir - hər şey proseslərin inkişafı boyunca aydınlaşacaq».

Geri qayıt