Əsas Səhifə > Ölkə > SABİNA FREYZERDƏN ŞOK AÇIQLAMA

SABİNA FREYZERDƏN ŞOK AÇIQLAMA


16-11-2011, 12:42
SABİNA FREYZERDƏN ŞOK AÇIQLAMA

“ATƏT-İN MİNSK QRUPUNUN MİSSİYASI İFLASA UĞRAYIB”

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırda mühüm məqam altı əsas prinsipə dair razılığa gəlib daha sonra detalların müzakirəsinə keçməkdir”. Bu fikirləri Ermənistanın “Jamanak” nəşrinə müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer deyib.

Onun sözlərinə görə, hər iki tərəf əsas prinsiplərə dair ortaq məxrəcə gəlib, amma detalların razılaşdırılmamış qalması tərəqqiyə mane olur. Yaxın iki il ərzində danışıqlardan tərəqqi gözləməyin düzgün olmadığını deyən Freyzer belə bir vəziyyətdə iki dövlət arasında bütün səviyyələrdə təmasları dəstəkləməyin vacib olduğunu vurğulayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Sabina Freyzer qurumun missiyasının nəticəsini iflas kimi dəyərləndirib: “Hal-hazırda münaqişəni Minsk Qrupu vasitəsilə həll etmək cəhdi iflasa uğrayıb. İndi Medvedyev, Sarkozi, Obama və Klintonun danışıqlar prosesinə təsiri az inandırıcıdır və buna görə mən hesab edirəm ki, biz danışıqlar prosesi ilə əlaqədar kifayət qədər qəliz vəziyyətə düşmüşük”.

Beynəlxalq Böhran Qrupunun nümayəndəsi belə bir şəraitdə Avropa Birliyinin (AB) Minsk Qrupunu əvəz edə bilməyəcəyini, lakin AB-nin iki tərəf arasında etimadın artırılmasına töhfə verməsinin mümkünlüyünü düşünür.

Sabina Freyzer habelə Fransa prezidenti Nikolya Sarkozinin Qafqaza son səfəri zamanı “soyqırım” bəyanatını də tənqid edib. O hesab edir ki, belə bir bəyanat vasitəçi dövlət üçün uğurlu diplomatik gediş deyil.

Beynəlxalq Böhran Qrupunun təmsilçisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də yüksək dəyərləndirib: “Zənnimcə, bu gün Azərbaycan regional, hətta dünya miqyasında bir qüvvəyə çevrilir və dərk edir ki, dünyada hansı nufuz və etimada layiq olmalıdır. Birincisi, gələn ilin baharında “Eurovision” müsabiqəsi Azərbaycanda keçiriləcək, ikincisi, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilib. Bu iki hal ona dəlalət edir ki, Azərbaycan özünü beynəlxalq səhnədə nufuzlu və məsul oyunçu kimi göstərmək istəyir”.

Geri qayıt